Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Xocavənd kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mayın 12-də növbəti səyyar qəbulunu Xocavənd kəndinin sakinləri ilə keçirdi.
Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin də iştirak etdiyi qəbulda çıxış edən R.Hüseynov vurğuladı ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edən məsələlərin həllinə nail olmaqdan ibarətdir. Bu, təkcə ölkə rəhbərliyi tərəfindən verilən tapşırığın həyata keçirilməsi deyil, eyni zamanda ölkədə aparılan sosial siyasətin tələblərinin yerinə yetirilməsi deməkdir. Rayon rəhbəri həm də ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərin möhtəşəmliyindən və xüsusi əhəmiyyətindən də söz açdı. Natiq onu da qeyd etdi ki, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği üçün belə tədbirlərin keçirilməsi hər kəs, xüsusən gənc nəsil üçün mühüm əhəmiyyət kəsb edir.
Səyyar görüş zamanı sözügedən kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənildi.
Kənd sakinləri Əhliman Əhmədov, Eynulla Mamedov, İlqar Quliyev, İlham Quliyev, Şükür Əliyev kənddə içməli və suvarma suyunda yaranmış çətinliklərdən, suvarma işlərində su nasosuna olan ehtiyacdan, əkin sahəsinin kəndin digər sakinləri tərəfindən zəbt olunmasından və işə ehtiyac yaranmasından söz açdılar.
Rayon rəhbərliyi tərəfindən həlli mümkün məsələlərin baxılması üçün aidiyyəti qurumlara tapşırıqlar verildi.
Sonda kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.