Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Sarıcalı kəndində keçirilmişdir
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr regionlarda yerli icra hakimiyyəti orqanlarının gündəlik iş fəaliyyətinin əsasını təşkil edir.
Ölkə Prezidentinin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair müvafiq tapşırığına uyğun olaraq, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mütəmadi olaraq qəbul qrafiki əsasında əhali ilə müntəzəm səyyar qəbullar keçirir, onları narahat edən məsələlərlə yaxından tanış olur, müraciət və problemləri xüsusi həssaslıqla dinləyir, sakinlərin suallarına ətraflı cavablar verir və qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verərək icrasını nəzarətə götürür.
Təcrübə göstərir ki, yerlərdə səyyar görüşlər əhalini narahat edən problemlərin öyrənilməsi və birbaşa həlli baxımından əhəmiyyətlidir.
Bu prinsipə uyğun olaraq, rayon rəhbəri Rafil Hüseynov sakinlərlə növbəti səyyar görüşü rayonun Sarıcalı kəndində, I Qarabağ müharibəsi şəhidi Müşfiq Uluxanovun adını daşıyan kənd tam orta məktəbinin akt zalında keçirib.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, fermerlər, kənd sakinləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Kənd sakinləri ilə keçirdiyi səyyar qəbulda çıxış edən icra başçısı bildirib ki, ərazilərdə əhali ilə müntəzəm görüşlərin keçirilməsi ümumi işimizə böyük fayda verir. Bunun da nəticəsində vətəndaşlar tərəfindən qaldırılan problemlər təhlil edilərək, onların həlli yolları axtarılır və aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir.
Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olunmuş ərazilərdə, həmçinin rayonda aparılan və qısa müddət ərzində görülən işlərdən danışan, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən Rafil Hüseynov qeyd edilənlərlə yanaşı rayonun qəsəbə və kəndlərində, o cümlədən Sarıcalı kəndində mövcud olan problemlərin hər zaman rayon icra hakimiyyətinin diqqət mərkəzində dayandığını diqqətə çatdırıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinlərindən Füzuli Hüseynov müraciətində ilk olaraq bütün görülən işlərə görə minnətdarlıq edib və sonra əkin sahələrinin suvarılmasında problemlərin olduğunu bildirərək, istifadələrində olan 40 hektar pay torpaq sahələrinə xidmət edən 1 ədəd subartezian quyusunun bərpa olunmasını, Nazim Cəfərov kənd tam orta məktəbinin bütün yağış sularının həyətinə axdığını bildirərək, köməklik göstərilməsini, Həsənqulu Şirinov, Fikrət Mehdiyev, Mikayıl Adilov müraciətlərində özlərinin və ailə üzvlərinin işsiz olduğunu bildirərək işlə təmin olunmalarına köməklik göstərilməsini, Murad Səfərov istifadəsində olan torpaq sahəsində əkdiyi taxıl sahəsini suvara bilmədiyini və səbəbini isə subartezianın transformatorunun yanması olduğunu qeyd edərək dəstək göstərilməsini, Aqil Baxışovkənd ərazisində işıqlanmanın zəif olduğunu bildirərək təzə transformatorun qoyulmasına, Tahir Baxışov isə müraciətində pay torpaq sahəsinə yaxın olan qonşu Taynaq kəndi ərazisində yerləşən subartezian quyusundan pay torpaq sahəsinin suvarılması üçün növbəlik verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.