Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilmişdir
01 mart 2024 | 11:31
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələr Ağcabədi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Belə ki, dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair ölkə Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq 2024-cü ilin fevral ayının 28-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Salmanbəyli kəndində sakinlərlə növbəti görüşü keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, kənd sakinləri, fermerlər və media nümayəndələri iştirak ediblər.
Qəbuldan əvvəl Salmanbəyli kənd tam orta məktəbinin həyətində birinci Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü ziyarət olunub, önünə çiçək dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Sonra məktəbin akt zalında keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olunan ərazilərdə, həmçinin rayonda həyata keçirilən ifrastruktur layihələrdən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. İcra başçısı Rafil Hüseynov bütün bunlarla yanaşı rayonun kənd və qəsəbələrində, o cümlədən Salmanbəyli kəndində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hazırda kənd təsərrüfatı sahəsinə, xüsusən pambıq məhsullarının istehsalına önəm verildiyini və bu sahənin daha mənfəətli olduğunu bildirib.
Səyyar qəbulda çıxış edən kənd ağsaqqalı Heydər Məmmədov 7 fevralda keçirilmiş Prezident seçkilərinə toxunaraq, əvvəllər uzun müddət seçki məntəqəsinin sədri olduğunu indiyədək bu qədər əhalinin mütəşəkkil şəkildə seçkilərdə iştirak etmədiyini bildirərək, hazıkı seçkilərdə xalqın bir mənalı olaraq Ali Baş Komandana, qalib sərkərdəyə səs verdiklərini qeyd edib, həmçinin kəndin sosial məsələlərinin həllində görülən işlərə, habelə kənd yolunun əsaslı təmirinə və asfalt örtüyünün çəkilməsinə görə kənd sakinləri adından ölkə Prezidentinə və rayon rəhbərinə minnətdarlıq edib. Kənd sakini Kamil Orucov Vətən müharibəsində əldə olunan qələbədən qürur hissi keçirdiyini bildirərək, antiterror əməliyyatı zamanı şəhid olmuş Tüncay Əlizadənin atasının müalicəsini, kənd sakinləri Şahin Bayramov, Firudin Əliyev suvarma suyu sahəsində müəyyən işlərin görüldüyünü qeyd edərək, əkin sahələrinin suvarılmasına xidmət edən su nasosunun daimi işlək vəziyyətdə olmasını, kənd sakini İsa Zeynalov kənddə içməli su proleminin olduğunu bildirərək, 2 ədəd içməli su artezianın vurulmasını, kənd sakini Arif Sofiyev kənd ərazisində olan 10 minlik elektrik dirəklərinin bərbad və təhlükəli vəziyyətdə olduğunu, həmçinin kənd ərazisində kabelləşmənin vacibliyini bildiriblər və məsələ ilə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.
Yekunda icra başçısı Rafil Hüseynov kənd sakinləri tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirib, qanunvericilik qaydaları və mövcud vəziyyət nəzərə alınmaqla həlli mümkün məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib.