Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Şahsevən kəndində keçirilib
Noyabrın 22-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şahsevən kəndində səyyar qəbul keçirib.Səyyar qəbul l dərəcəli Vətən müharibəsi əlili İntiqam Əliyevin yaşadığı evin həyətində keçirilib. Görüşdə həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Çıxış edən icra başçısı Rafil Hüseynov bir müddət əvvəl Vətən müharibəsində qazanılan Zəfərin 3-cü ilinin qeyd edildiyini xatırladaraq bu ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə həmin qələbənin tamamilə yekunlaşdığını vurğulayıb. Xankəndidə bayrağımızın dalğalanmasını arzu etdək də, xalq olaraq bunun belə tezliklə baş verəcəyini təsəvvür edə bilməyəcəyimizi söyləyən R.Hüseynov bütün bunlara Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun, hərçilərimizin hesabına nail olduğumuzu diqqətə çatdırıb.O, əlavə edib ki, şəhidlərimizə, qazilərimizə olan böyük ehtiramın nəticəsidir ki, son vaxtlar səyyar qəbullar tez-tez onların evlərində keçirilir. Vətən müharibəsi əlili İntiqam Əliyevə xüsusi rəğbətini dilə gətirən rayon rəhbəri hər dəfə bu evə gələndə mənəvi rahatlıq tapdığını söyləyib.
İcra başçısı çıxışı zamanı həmçinin bir sıra məsələlərə toxunub, işğaldan azad olunan ərazilərimizdə gedən tikinti işlərindən, abadlaşdırmadan, əhalinin öz dədə-baba torpaqlarına qaytarılması üçün dövlətin qarşısında duran vəzifələrdən, bunun üçün böyük vəsaitin tələb olunmasından danışıb. Hər kəsi dövlətin vahid siyasətini dəstəkləməyə çağıran R.Hüseynov Vətən müharibəsində dünyanı silahdan, texnikadan da öncə məhz xalqın birliyi ilə heyrətləndirdiyimizi diqqətə çatdırıb.
Sonra qəbulda iştirak edən kənd sakinləri dinlənilib. Söz alan Afət Mamedova, Novruz Əhmədov və digərləri çıxış edərək bir sıra problemləri nəzərə çatdırıblar. Qaldırılan məsələlərdən biri 128 şagird yerlik kənd məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı olub. İcra başçısı bununla bağlı aidiyyəti qurumdan nümayəndə dəvət olunması, sənədləşmə aparılması ilə bağlı göstəriş verib.
Kənddə 62 evin içməli su ilə təmin olunmaması ilə bağlı problem də diqqət çəkib və məsələyə münasibət bildirən Ağcabədi suvarma sistemləri idarəsinin nümayəndəsi bildirib ki, cari ildə kənddə 1 artezian bərpa edilib, növbəti ildə isə daha ikisinin bərpası nəzərdə tutulub.
Bütün bunlardan başqa, təqaüd və digər məsələlərlə bağlı çətinliyi olan sakinlər müraciət üçün müvafik qurumlara yönləndirilib.
Səyyar qəbuldan sonra ailə ilə çay süfrəsi arxasında səmimi söhbət zamanı rayon rəhbəri onların qayğıları ilə maraqlanıb. İntiqam Əliyev və ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərinə xüsusi minnətdarlıqlarını bildiriblər.