Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının il ərzində tərtib edilən qəbul qrafikinə əsasən müntəzəm olaraq səyyar görüşlərini davam etdirilir. Belə növbəti qəbullardan biri fevralın 8-də rayonun Rəncbərlər kəndində baş tutub. Vətəndaş qəbulundan əvvəl I Qarabağ müharibəsi şəhidi Mobil Həsənovun məktəbin həyətində yerləşən xatirə lövhəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Səyyar görüş şəhidin adını daşıyan Rəncbərlər kənd tam orta məktəbinin akt zalında davam edib.
Qəbulda Rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, yerli dövlət və publik qurumların rəhbərləri, kənd ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Rafil Hüseynov fevralın 7-də növbədənkənar Prezident seçkilərində Prezident İlham Əliyevin parlaq qələbə qazanması münasibətilə qəbul iştirakçılarını ürəkdən təbrik edib. O, çıxışında xalqın düzgün seçimi ilə gələcəkdə ölkəmizin daha da inkişaf edəcəyini, böyük hədəflərə və məqsədlərə yalnız İlham Əliyev kimi böyük liderlə çata biləcəyini vurğulayıb. Daha sonra Qarabağda son 3 ildə görülən geniş abadlıq-quruculuq işlərindən danışan rayon rəhbəri bildirib ki, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması həmin yerlərdə həyatı yenidən özünə qaytaracaq. Çıxışını bitirdikdən sonra icra başçısı müxtəlif problemlərin öyrənilməsi və müvafiq imkanlar çərçivəsində həllinə kömək göstərilməsi məqsədilə sözü kənd sakinlərinin ixtiyarına verib, onları dinləyib.
Rəncbərlər kənd sakinlərindən Aqil Ismayılov ilk öncə Prezident İlham Əliyevin Prezident seçkilərindəki qalibiyyətinə görə görüş iştirakçılarını təbrik edib, sonra vətəndaş müraciətində pay torpaqlarına xidmət edən su nasosunun generatorunun yandığını, Mirağa İbrahimov və Nağı Nağıyev müraciətlərində istifadələrində olan torpaq sahəsini suvara bilmədiklərini bildirərək, subartezianın transformatorunun yandığını, Narınc İsmayılova ötən il 4 hektar torpaq sahəsində taxıl əkdiyini, lakin bunun müqabilində subsidiya verilmədiyini, həmçinin cari ildə pambıq becərəcəyini söylərək, köməklik göstərilməsini, kənd axundu Xəlil Qədirov kənddə fəaliyyət göstərən məscidin qeydiyyata alınmasını və təmirinə köməklik göstərilməsini, müharibə iştirakçısı Sevindik Rəhimov və Mübariz Kazımov isə müraciətlərində bələdiyyənin ehtiyat fondundan onlara torpaq sahəsinin ayrılmasına köməklik olunmasını xahiş ediblər. Edilən müraciətləri diqqətlə dinləyən rayon rəhbəri onların problemlərinin hüquqi müstəvidə həll olunması ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə tapşırıq və tövsiyələrini verib.