Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib

03 avqust 2023 | 17:42

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə yerlərdə keçirilən səyyar qəbullar öz nəticəsini verməkdədir. Mövcud qrafikə əsasən növbəti səyyar qəbul rayonun Rəncbərlər kəndində keçirilib. Kənd sakinləri ilə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,  ərazi icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Şəhid Mobil Həsənovun adını daşıyan Rəncbərlər kənd tam orta  məktəbində keçirilən səyyar qəbuldan öncə məktəbin həyətində şəhidin xatirə lövhəsi önünə tər çiçəklər düzülüb, xatirəsi anılıb.

Görüş zamanı öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib, səyyar qəbulların ölkə başçısının əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq həyata  keçirildiyini qeyd edib. Rayon rəhbəri  son illər Azərbaycanda, xüsusən işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, həmçinin ordu quruculuğundan söz açıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə ordumuzun gücü milli ordu quruculuğu tariximizdə keyfiyyətcə  yeni bir mərhələnin başlandığını göstərdi. Burada texniki təminatdan, fiziki gücdən, taktiki hazırlıqdan tutmuş, bütün məsələlər Azərbaycan ordusunun qüdrətindən, sarsılmazlığından  xəbər verdi. 30 illik bir müddətə ordu quruculuğunda görülən işlərin nəticəsi idi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi 44 günlük müharibədə böyük Zəfər qazandıq. Amma bu bizi arxayın salmamalıdır  və ordumuzun daha da qüdrətli olması üçün bundan sonra da  davamlı işlər görülməkdədir.

Sonra qəbul iştirakçıları söz alıb.  Kənd sakini Aqil İsmayılov, Kazım Usubov, Tofiq Lətifov, Ziyad Qəfərov, Dilsuz Əsədov və digərləri onları narahat edən məsələlərlə bağlı çətinlikləri diqqətə çatdırıblar. Əkin sahəsinin suvarılması, ziyanvericilərin çoxalması və digər çətinliklərlə yanaşı kənddə musiqi məktəbinin tikilməsi,  114 yaşlı məscidin qeydiyyata alınması və burada lazımi şəraitin yaradılması ilə bağlı fikir və təkliflər də səsləndirilib.

Səyyar-qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə öyrənilərək həlli ilə bağlı tapşırıqlar verilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlərin icrası nəzarətə götürülüb, bəzi problemlərlə bağlı müraciət edənlər isə  aidiyyəti üzrə yönləndirilib.

Keçidlər