Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Qaraxanlı kəndində keçirilib
Oktyabrın 11-də Qaraxanlı kəndində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Qaraxanlı kənd tam orta məktəbinin binasında təşkil olunan görüşdə icra başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri Rafil Hüseynov çıxış edərək son zamanlar Qarabağda cərəyan edən hadisələr, burada görülən işlər haqqında ətraflı məlumat verib. Azərbaycanın istər Vətən müharibəsində, istərsə də cari ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı əldə etdiyi uğurlardan danışan rayon rəhbəri qarşı tərəfin bu qalibiyyətlə hələ də razılaşa bilmədiyini, buna görə də müəyyən münaqişə yaratmağa cəhdlər etdiyini diqqətə çatdıraraq bildirib ki, hər birimiz, hər zaman bu cəhdlərin qarşısını almağa hazırlıqlı olmalıyıq. Azərbaycanın güclü ordusu var, rəhbər, ordu, xalq birliyi sarsılmazdır və bundan sonra da bu birliyi qorumaq lazımdır. Hazırda Qarabağda böyük işlər həyata keçirilir ki, əhali öz doğma torpaqlarına qayıtsın. Bunun üçün də hər birimiz əsas diqqəti məhz bu işlərə yönəltməliyik.
Sonra qəbul iştirakçıları söz alıblar. Kənd sakini Rüstəm Quliyev kənddə çəkilən asfalt örtüyünün müəyyən hissədə yarımçıq qaldığını, işin tamamlanmadığını diqqətə çatdırıb, həmçinin kəndin qazlaşdırılması, o cümlədən təbii fəlakət zamanı zərər çəkən pambıq sahəsi ilə bağlı kompensasiya ödənilməsinə köməklik göstərilməsini xahiş edib.
Qəbul iştirakçısı Xanlar Əliyev isə bundan öncə kənddə vacib olan ərazilərdə 2 artezian quyusunun vurulduğunu, daha birinə də ehtiyac olduğunu bildirib.
Sehliman Quliyev və daha bir neçə sakin isə elektrik enerjisinin verilməsində fasilələr olduğunu , o cümlədən Vətən müharibəsi zamanı kəndə mərmilərin düşməsi nəticəsində elektrik xətlərində ciddi problemlərin yarandığını və indiyədək hələ də həll olunmadığını bildiriblər.
Müraciətlərin hər biri diqqətlə dinlənilib, kəndin qazlaşdırılması ilə bağlı məsələyə cavab olaraq bildirilib ki, bununla əlaqədar müəyyən addımlar atılıb, aidiyyəti üzrə müraciət olunub, kəndin adı siyahıya salınıb. Hazırda Qarabağda görülən işlərlə bağlı müəyyən ləngimələr ola bilər ki, bu da başadüşüləndir.
Kəndə dolu düşməsi nəticəsində ziyan dəyən pambıq sahələri ilə bağlı kompensasiyanın ödənilməsinə gəldikdə isə, bildirilib ki, məhz sığortalanmış sahələrə görə ödənişlərin edilməsi mümkündür.
Elektrik enerjisinin verilməsində olan fasilələrlə, həmçinin müharibə zamanı elektrik xətlərində yaranan və bügünədək hələ də həllini tapmayan problemlərin öyrənilməsi ilə bağlı isə müvafiq göstəriş verilib, hər iki məsələ nəzarətə götürülüb.
Bunlarla yanaşı, internet, əkin sahələrinin suvarılması və digər məsələlərlə əlaqədar çətinliklərə də aydınlıq gətirilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Qaraxanlı kəndin rayon mərkəzindən 31 km aralıda yerləşir.Əhalisi əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğuldur.Kənddə tam orta məktəb, kitabxana filialı, klub və s. fəaliyyət göstərir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılıb.