Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Qaradolaq kəndində keçirilmişdir

11 yanvar 2024 | 10:30

Yerlərdə rayon rəhbərləri tərəfindən səyyar qəbulların keçirilməsi əhalinin məmnunluq səviyyəsinin artması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağcabədi rayonunda da  mütəmadi şəkildə keçirilən səyyar qəbullar, bu görüşlərdə qaldırılan məsələlərin bir çoxunun öz həllini tapması, nəzarətə götürülməsi məhz xalqa qulluğun, vətəndaş-dövlət qulluqçusu münasibətlərinin inkişaf etdirilməsinin göstəricisidir.

Səyyar qəbullar 2024-cü ildə də mövcud qrafik əsasında davam etdirilir və ilin ilk  qəbulu Qaradolaq kəndində, 1 saylı tam orta məktəbin iclas zalında keçirilib. Qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müsəssisə və təşkilatların rəhbərləri,  media nümayəndələri iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun giriş nitqindən sonra söz qəbul iştirakçılarına verilib. Onlar müxtəlif mövzulara toxunub, köməklik göstərilməsini xahiş ediblər.  Qəbul iştirakçısı  Qoşqar Qarayev kənd ərazisində yeni salınan parkda işlərin yekunlaşmaqda olduğunu bildirərək, orada uşaqların əylənməsi üçün qurğuların alınmasına köməklik  göstərilməsini xahiş edib. Vətəndaşa bildirilib ki, bunu özəl şəxslər edə bilər. Dövlət tərifndən əyləncə qurğuları üçün vəsait ayrılmayıb.

Sonra sakin İzzət Paşayevin suvarma suyunun verilməsində yaşadıqları çətinliklərlə əlaqədar müraciətinə cavab olaraq bildirilib ki, problemin həlli ilə bağlı  atılan addımlar öz nəticəsini verir, artıq tenderi udan təşkilat müəyyən olunub və “Xan qızı” kanalına vurulacaq 3 kubmetr su mövcud çətinliyin xeyli aradan qaldırılmasına səbəb olacaq. Araz çayından da təxminən bu qədər su götürülərsə, suvarmada yaşanan problemlər aradan qalxacaq.

Daha bir qəbul iştirakçısı Müzəffər Şirinov isə  təbii kanalların təmizlənməsini xahiş edib.  Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov  bildirib ki, bununla bağlı kompleks şəkildə işlər görülür. Vəsaitin gücündən asılı olaraq ötən ilin sonlarında yarımçıq qalan işlər var ki, yaxın günlərdə bunların da aradan qaldırılmasına başlanılacaq.

Bunlardan əlavə, kənd sakinləri Paşa Baxışov, Cavad Qasımov  və digərləri işlə təmin olunma, təsərrüfat yollarının  bərbad olmasının texnikanın hərəkətində çətinlik yaratması, içməli su və digər məsələlərlə bağlı fikirlərini bildirərək köməklik göstərilməsini xahiş ediblər.  Bəzi məsələlərlə bağlı yerindəcə göstərişlər verilib, bəziləri həllini tapanadək nəzarət götürülüb. İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmayan  müraciətlərin sahibləri isə aidiyyəti üzrə istiqamətləndirilib.

Keçidlər