Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Nəcəfqulubəyli kəndində keçirilmişdir

28 iyun 2024 | 10:08

  İyunun 27-də  Nəcəfqulubəyli kənd tam orta məktəbinin həyətində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. Qəbul başlamazdan öncə  I Qarabağ müharibəsində həlak olmuş şəhid Rahim İbrahimovun məktəbin həyətindəki büstü ziyarət olunub, önünə tər güllər düzülüb.

 İcra başçısı ilə yanaşı görüşdə hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakinləri İlham Nəcəfov, Hüseyn Alıyev,Zahir Rəhimov, Qədir Rəhimov, Baba Manafov və başqaları kənddə mövcud olan problemləri diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər. Burada suvarma suyu ilə bağlı yaranan problemlərin, o cümlədən yol, işıq  və digər məsələlərlə əlaqədar mövcud çətinliklərin aradan qaldırılması üçün  aidiyyəti şəxslərlə birlikdə fikir mübadiləsi aparılıb. Beton kanalın uçub-dağılması ilə əlaqədar kəndlinin öz əkin sahəsini suvara bilməməsinə cavab olaraq aidiyyəti qurumun nümayəndəsi bildirib ki, bununla bağlı müraciət olunmalıdır və bundan sonra qısa zamanda məsələyə baxılacaqdır. Kənd yolunun təmiri ilə əlaqdədar mürciətə cavab olaraq isə bildirilib ki, bununla bağlı kənd bələdiyyəsinə müraciət olunmalıdır.

Ümumilikdə qaldırılan məsələlər əsasında bəlli olub ki, kəndin ən böyük problemi işıqla bağlıdır. İstər kəndin kabelləşməsinə ehtiyac olması, istər bir neçə gün öncə güclü küləyin əsməsi  nəticəsində elektrik xətlərində baş verən bəzi nasazlıqların aradan qaldırılmaması, istər bir neçə il öncə kəndə hədiyyə edilmiş  transformatorun hələ də quraşdırılmaması ciddi müzakirələrə səbəb olub. Görüşdə işıqla əlaqədar mövcud olan bəzi məsələlərin həlli üçün müvafiq göstərişlər verilib, bəzilərinin müəyyən zaman çərçivəsində həllini tapacağı bildirilib. Lakin qanunsuz tikililərdə bu məsələ ilə bağlı yaranmış problemlərin aradan qaldırılmasının hazırda mümkün olmadığı diqqətə çatdırılıb. Hər bir vətəndaşın  fərdi yaşayış evi tikərkən bilməli olduğu məsələlər, tikinti aparılan ərazinin dövlət tərəfindən yaşayış fondu kimi tanınıb-tanınmamasını araşdırmağın vacibliyi ətraflı şəkildə sakinlərə izah olunub. O cümlədən yüksəkgərginlikli elektrik xətlərinin, magistral boru kəmərlərinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının ətrafında yerləşən fərdi yaşayış evlərinin tikintisi ilə,  ümumiyyətlə qanunsuz tikililərlə  bağlı hazırda təxirəsalınmaz tədbirlərin həyata keçirilidiyi bildirilib. Bununla bağlı ölkə prezidentinin imzalamış olduğu fərman haqqında da sakinlərə məlumat verilib.

Keçidlər