Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Nəcəfqulubəyli kəndində keçirilib

28 aprel 2023 | 16:30
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərin mövcud problemləri ilə tanış olmaq dinləmək və onların həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulunu Nəcəfqulubəyli kəndində keçirib.
“Aran” xəbər verir ki, aprelin 26-da Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbinin həyətində təşkil olunan səyyar qəbulda RİHB-nin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin əməkdaşları və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhid Rahim İbrahimovun məktəbin həyətindəki büstü ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.
Görüşdə çıxış edən icra başçısı bütün bölgələrdə, eləcə də azad olunan ərazilərimizdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində dövlətimizin mövqeyi bir çox nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən qəbul olunub.
Sonra söz qəbul iştirakçılarına verilib. Görüşdə sakinlər Samir Xəlilov, Aqil Talıbov kənddə elektrik enerjisinin verilməsində yaranan çətinliklərdən, Əlvan Talıbov suvarma suyunun qıtlığından, Oruc Məmmədov işlə təmin olunması, Leylan Rəhimova və başqaları digər problemlərini diqqətə çatdırıblar.
Müraciətləri fərdi qaydada dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi məsələlər yerindəcə həll edilib.
Qeyd edək ki, mövcud qrafikə əsasən səyyar qəbulların keçirilməsi icra başçısı tərəfindən davam etdirilir.
Keçidlər