Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Minaxorlu kəndində keçirilib
Mövcud qrafikə əsasən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının daha bir səyyar qəbulu Minaxorlu kəndində keçirilib. Açıq havada təşkil olunmuş görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov kəndin özü, sakinləri haqqında fikirlərini bölüşərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə böyük çətinlik yaşayan kəndlərdən biri də Minəxorlu olub. Həmin müharibədə Ağcabədinin ən çox şəhid verən kəndinin də Minəxorlu olduğunu bildirən icra başçısı torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Sükut dəqiqəsindən sonra çıxışına yenə də bu mövzu ilə davam edən R. Hüseynov bildirib ki, vətənin qeyrətli oğullarının sayəsində məhz bu gün Xankəndidə, Şuşada və digər azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. İllərlə xalqımız bu yolda can verib, qanından keçib. Amma buna baxmayaraq, yenə də o yerlərə həsədlə baxmışıq, doğma yurda gedişimiz mümkünsüz olub. Bu gün isə azad edilmiş həmin torpaqlarda artıq Azərbaycan tərəfindən sürətli işlər gedir, sakinlər yavaş-yavaş öz dədə-baba yurdlarına qayıdır.Buna görə Ali Baş Komandanımıza, qazilərimizə, şəhidlərimizə, onları böyüdən valideynlərə minnətdarıq.
Rayon rəhbəri onu da qeyd edib ki, Qarbağda görülən bərpa, quruculuq iləri ilə yanaşı, həmçinin düşmənin məkrinə, çirkin əməllərinə qarşı daim hazırlıqlı olmalı, arxayınlaşmamalıyıq. Bunun üçün xalq hər zaman dövlətin ətrafında sıx birləşməli, yumruq kimi bir olmağa davam etməlidir.
Sonra qəbul iştirakçıları söz alıb. Əksər kəndlərdə olduğu kimi, burada da müraciətlər daha çox artezian quyusunun bərpası, yeni artezian quyusunun qazılması, ümumilikdə suvarmada yaşanan problemlə bağlı olub. Aidiyyəti qurumun qəbulda iştirak edən nümayəndəsi məsələyə münasibət bildirərək məlumat verib ki, Minəxorlu kəndində 1 artezian quyusu artıq bərpa edilib, cari və növbəti ildə isə daha üçünün bərpası növbəlilik əsasında həyata keçiriləcəkdir.
Daha bir müraciətdə isə kəndə çəkilmiş asfalt yolun ensiz olduğunu, bununla yanaşı avtomobillərin sürət həddini gözləmədiyini, piyadalar, xüsusilə məktəblilər üçün təhlükə yarandığını diqqətə çatdıran kənd sakini bunun qarşısının alınması üçün yola sürət həddini göstərən işarələrin qoyulmasını xahiş edib. İcra başçısı qaldırılan məsələnin vacib olduğunu diqqətə çatdırıb, həmin yola nəzraət olunması və məhdudlaşdırıcı nişanların qoyulması ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Kənddə xeyli vaxtdır naqillərin qırılıb sıradan çıxması, telefonların işləməməsi ilə bağlı müraciət də dinlənildikdən sonra problemin hansı səbəbdən həll olunmadığının öyrənilməsi və tezliklə aradan qaldırılması ilə bağlı göstəriş verilib.
Qəbulda qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenilənməsi ilə bağlı müraciətə isə cavab olaraq bildirilib ki, ümumilikdə kəndin işıq sisteminin yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilib və bu problemin həlli nəzərdə tutulub. Amma buna qədər sözügedən elektrik dirəyinin yenilənməsi ilə bağlı əlaqədar quruma məktub ünvanlanması tövsiyə olunur.
Görüş zamanı kənd yollarının işıqlandırılması və digər mövzular da müzakirə olunub, bəzi məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib, bəzi müraciət edənlər isə əlaqədar qurumlara yönləndirilib.