Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Kəbirli kəndində keçirilmişdir

21 dekabr 2023 | 11:35

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri davam edir.

Dekabrın 20-də daha bir səyyar qəbul Kəbirli kənd tam orta məktəbində keçirilib. Qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatarın rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov Kəbirli kəndi, eləcə də kəbirli tayfası haqqında fikirlərini sakinlərlə bölüşüb. O, bildirib ki, Kəbirlilər uzun illər Cavanşirlər tayfasının tərkibində olub. XVIII əsrin ikinci yarısında isə Pənahəli xanın himayədarlığı ilə bu oymaq Cavanşirlər elinin tərkibindən çıxaraq müstəqil bir oymağa, sonra isə böyük Kəbirli mahalına çevrilib. Lakin sonralar Nadir şah tərəfindən Kəbirli tayfalarının başçıları ailələri ilə bərabər sürgün edilib. Hazırda dünyanın bir neçə ölkəsində – İranda, İraqda, Türkiyədə, Gürcüstanda və Əfqanıstanda da Kəbirli tayfasına mənsub insanlar yaşayır. Çıxışı zamanı Kəbirli kənd sakinlərinin birliyə meyilli olduğunu bildirən icra başçısı həmçinin əhalinin kənd təsərrüfatında fəal olduğunu, öz xərclərini, dolanışıqlarını təmin edə bildiklərini diqqətə çatdırıb və bunun çox vacib məqamlardan olduğunu qeyd edib. Ölkəmizdə, xüsusən düşmən tapdağından azad edilmiş Qarabağda gedən tikinti, abadlıq işlərindən, həmin ərazilərin minalardan təmizlənməsi, yol, qaz, işıq xətlərinin çəkilməsi kimi mühüm işlərin görülməsi üçün həyata keçirilən tədbirlərdən də danışan rayon rəhbəri sonra sözü qəbul iştirakçılarına verib.

Kənd sakinləri Kərəm Çobanov, Mürvət Orucuv, Muxtar Zeynalov, Arif Axundov və digərləri çıxış edərək bir sıra porblemləri diqqətə çatdırıblar.Kənd ərazisində qəzalı vəziyyətdə olan 10 kv-luq elektrik naqilləri və dirəklərinin yenilənməsi ilə bağlı müraciətə cavab olaraq bildirilib ki, bununla bağlı icra nümayəndəsi tərəfindən aidiyyəti üzrə müraciət edilməli, məktub ünvanlanmalıdır. Problemə baxılması ilə bağlı Ağcabədi Elektrik Şəbəkəsinin nümayəndəsinə də müəyyən tapşırıq verilib və məsələ nəzarətə götürülüb. Kənddaxili 3 km yola asfalt çəkilməsi ilə bağlı müraciət edən vətəndaşa isə izah olunub ki, bu işə bələdiyyə baxmalıdır. Əksər səyyar qəbullarda olduğu kimi Kəbirli kəndindəki görüşdə də içməli və suvarma suyu ilə bağlı yaşanan problemlər diqqətə çatdırılıb.

İcra başçısı bildirib ki, məhz suvarma suyu ilə bağlı yaşanan çətinliklərin aradan qaldırılması üçün atılan addımlar nəticə verməkdədir. Bununla bağlı bir sıra işlər görülüb. Yanvar ayından etibarən “Xan qızı” kanalına müəyyən qədər su vurulacaqdır ki, bu da problemin həllində xeyli yardımçı olacaq.

Sakinlər problemlərlə bərabər razı qaldıqları məqamları da dilə gətiriblər. O cümlədən Ağcabədi Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin fəaliyyəti yüksək dəyərləndirilib.

Keçidlər