Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Hüsülü kəndində keçirilmişdir
10 may 2024 | 09:19
2024-cü ilin may ayında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Hüsülü kəndində təşkil olunub. Hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB başçısının müavinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin media nümayəndələrinin iştirak etdiyi görüş Hüsülü kənd tam orta məktəbinin həyətində keçirilib.
Görüşdə öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, vətəndaşlarla keçirilən görüşlərin, qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, ötən il bu kənddə keçirilən səyyar qəbulda qaldırılan ən vacib məsələlərdən biri yeni məktəb binasının tikilməsi idi ki, bu məsələ ilə bağlı artıq müvafiq addımlar atılıb. Kənddə yeni məktəb binasının tikilməsi planlaşdırılıb və bu haqda həmin məsələni qaldıran şəxsə də məlumat verilib. Hüsülü ilə yanaşı Kəhrizli kəndində də yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.
Sonra qəbul iştirakçıları söz alaraq müəyyən problem və çətinliklərini diqqətə çatdırıb, bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Kənd sakini Xanlar Fətəliyev ötən il qaldırılan yeni məktəb binasının tikilməsi məsələsinə baxıldığına görə xüsusi minnətdarlığını bildirib. O, həmçinin yeni bina tikiləcəyi halda köhnə binanın sökülməməsini xahiş edib və bildirib ki, bina başqa müəssisələrin fəaliyyət göstərməsi üçün yararlıdır.
Vətəndaşa bildirilib ki, yeni binanın tikilməsi üçün 3 hektaradək boş yer lazımdır. Əgər başqa yerdə binanın tikilməsi üçün imkan varsa, köhnə binanı saxlamaq olar.
Daha sonra digər kənd sakinləri Eldar Quliyev, Natiq Mirzəyev, Xəyal Nəsirov, Ramil Hüseynov və digərləri kənddaxili yolun təmiri, kənddəki qış klubunun təmiri, örüş törpağının verilməsi və s. məsələlərlə bağlı müraciət edərək köməklik göstərilməsini xahiş ediblər.
Kənd klubunun təmiri ilə bağlı məktub hazırlanaraq aidiyyəti üzrə ünvanlanması üçün müvafiq göstəriş verilib. Səyyar qəbuldan sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı tərəfindən binaya baxış keçirilib, 2 mərtəbəli, 17 otaqlı, 300 nəfərlik akt zalı, həmçinin əlavə idman zalı olan binanın həqiqətən baxımsız vəziyyətdə olduğu müəyyən edilib, fotolar çəkilib.
Səyyar qəbulda həmçinin, qaldırılan digər məsələlərlə bağlı vətəndaşlara lazımi izahlar, problemlərin aradan qaldırılması üçün isə əlaqədar təşkilatlara tapşırıq və tövsiyələr verilib.
Görüş başa çatdıqdan sonra icra başçısı bir qrup qəbul iştirakçıları ilə birgə məktəbin həyətindəki boş əraziyə baxış keçirib, yeni binanın məhz bu ərazidə tikilə biləcəyi ilə bağlı fikri mübadiləsi aparılıb.
Qeyd edək ki, köhnə məktəb binası 1978-ci ildən istifadədədir.