Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Gələbədin kəndində keçirilmişdir
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayon rəhbəri yerlərdə səyyar görüşləri davam etdirir. Qəbulların müntəzəm şəkildə rayon, qəsəbə, kəndlərdə keçirilməsi sakinləri narahat edən problemlərin həlli məramını daşıyır. Növbəti belə səyyar görüş yanvarın 31-də rayonun Gələbədin kəndində I Qarabağ müharibəsi şəhidi Rəhbər Abbasovun adını daşıyan kənd tam orta məktəbinin akt zalında təşkil olunub.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri,hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, fermerlər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Kənd sakinləri ilə keçirdiyi səyyar qəbulda iştirakçıları salamlayan icra başçısı yerlərdə əhali ilə səyyar görüşlərin keçirilməsinin adətə çevrildiyini və ümumi işə böyük fayda verdiyini bildirib.
Çıxışında rayon rəhbəri Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olunan ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən danışaraq, bəzi ölkələrin uğurlarımızı həzm edə bilmədiyini, təxribatçı kampaniyalarla diqqətli özlərinə çəkməyə çalışdığını vurğulayıb. Sonra icra başçısı kəndin mövcud problemlərinin öyrənilməsi üçün vətəndaşları dinləyib, onların suallarını ətraflı cavablandırıb.
Çıxış edən kənd sakinlərindən İman Əsədov müraciətində əkin sahələrinə gedən su arxına vaxtilə körpü kimi istifadə olunması üçün qoyulan borunun qəzalı vəziyyətdə olduğunu, Məmməd Həsənovkənd ərazisində içməli suda problemlərin mövcudluğunu, habelə kənddə işıqlanmanın zəifliyini, elektrik enerjisinin verilməsində fasilələr yarandığını və elektrik xətlərinin qəzalı vəziyyətdə olduğunu bildirərək kənddə kabelləşmənin aparılmasını, Nazim Quliyevşikayətində istifadəsində olan torpaq sahəsinə və digər torpaq mülkiyyətçilərinin əkin sahələrinə xidmət edən subartezianın elektrik xəttinin qəzalı vəziyyətdə olduğunu, Vüqar Hətəmov və Qədir Ələsgərov isə kənd ərazisində əkin sahələrinə xidmət edən Yuxarı Qarabağ kanalı üzərində olan elekrik su nasosunun, su xəttinin bərbad vəziyyətdə olduğunu və sahələrə gələn suyun 50-60 %-nin əsassız olaraq kanala töküldüyünü bildirərək, köməklik göstərilməsini xahiş ediblər.
Müraciətlər yekunlaşdıqdan sonra rayon rəhbəri sonda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələrini verib.