Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Cəfərbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Sentyabrın 28-də isə Cəfərbəyli kəndində səyyar qəbul keçirilib. Kənd klubunda keçirilən səyyar qəbulda rayon rəhbəri ilə yanaşı RİHB Aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son günlər baş verən hadisələrdən, o cümlədən Azərbaycanın Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasından söz açıb.
Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakini Xudayar Alxanov ölkə başçısının, həmçinin rayon rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, Ordumuzun ard-arda əldə etdiyi uğurlara öz münasibətini bildirib. O, hər kəsi bundan sonra da dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.
Digər qəbul iştirakçılatı Şükufə Quliyeva, Rauf Əliyev, Tural Tahirov, Mikayıl Abbasov, Samir Vəliyev və digərləri elektrik enerjisinin verilməsi, su, yol və digər məsələlərlə bağlı problem və çətinlikləri diqqətə çatdırıblar. Elektrik enerjisinin verilməsində yaranan fasilələlərlə əlaqədar aidiyyəti üzrə nümayəndə ətraflı məlumat verib, problemin müəyyən vaxtadək aradan qaldırılacağını bildirib. Səsləndirilən digər məsələlər də müzakirə olunub, həlli mümkün problemlərlə bağlı müvafiq tapşırıqlar verilib.