Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Bilağan kəndində keçirilmişdir
18 aprel 2024 | 16:28
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu aprelin 17-də Bilağan kənd tam orta məktəbinin həyətində keçirilib. Qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, həmçinin media nümayəndələri iştirak ediblər.
İcra başçısı Rafil Hüseynov giriş nitqi ilə çıxış edib. O, çıxışında həmçinin əhaliyə əmlak və aqrar sığorta haqqında ətraflı məlumat verib, onları öz əmlaklarını, təsərrüfatlarını sığortalamağa dəvət edib. Rayon rəhbəri bildirib ki, sığorta etdirməklə insanlar dəymiş maddi ziyanın mühüm bir hissəsindən azad ola bilər. Sığortanın məqsədi yanğın, təbii fəlakətlər və digər səbəblərdən dəymiş ziyanı qarşılayaraq əmlak sahibinin gəlirini qorumaq, maddi ziyana düşməsinin qarşısını almaqdır.
Sonra qəbulda iştirak edən Boyat, Biləğan kəndlərindən olan vətəndaşlar öz müraciətlərini səsləndiriblər. Boyat kənd sakini Minayə Rüstəmova 707 nömrəli artezianın suyunun evinin yaxınlığından keçdiyini, ərazidə heç kimin, haqqında tam məlumatlı olmadığı tunel vasitəsilə suyun onun yaşadığı mənzilə istiqamətləndiyini, evin təhlükəli vəziyyətdə olduğunu qeyd edib. O qeyd edib ki, həmin tunelin bir tərəfi məhz uşaq bağçasının ərazisindədir ki, o bağça da əvvəllər Mirzalı bəyin evi olub.
Rayon rəhbəri aidiyyəti şəxslərə tapşırıb ki, vətəndaşın ərizəsi alınsın, həmçinin müvafiq qurumlara məktub ünvanlansın. Sözügedən bina müəyyən tarixə malik olduğu, tunelin də məhz orada aşkar edildiyi üçün Elmlər Akademiyasına da müraciət olunsun. Problemin həlli ilə bağlı lazımi işlər görülsün. Qeyd edək ki, səyyar qəbuldan sonra əraziyə baxış keçirilib, foto və videoçəkilişlər aparılıb.
Səyyar qəbul iştirakçısı olan digər şəxslər – Samirə Əsədova, Xatirə Məmmədova və başqları da öz problem və çətinliklərini diqqətə çatdırıblar. Əsas problemlərdən biri içməli su ilə bağlı olub. Həmçinin maddi yardım, ünvanlı sosial yardım və digər çətinliklərlə bağlı müraciətlər də dinlənilib, onlardan bəzliəri aidiyyəti üzrə istiqamətləndirilib, bəzilərinə köməklik göstərilməsi ilə bağlı tapşırıq verilib.
İcra başçısı yekun nitqində kənd ərazisində qanunsuz tikililərə yol verildiyini də diqqətə çatdıraraq özbaşına tikinti aparan şəxslərə xəbərdarlıq edərək bu kimi tikililərin qarşısının qəti şəkildə alınacağını bildirib.