Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Avşar kəndində keçirilib
Mayın 24-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Avşar kəndinin sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nin müavinləri, aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən rayon rəhbəri qeyd edib ki, bugünkü səyyar qəbul Avşar kəndinin sakinləri ilə ikinci görüşdür. Ötən qəbul zamanı diqqətə çatdırılan problemlərin əksəriyyəti indi artıq həllini tapıb. Kənddəki bəzi neqativ hallarla bağlı xeyli dəyişikliklər, düzəlişlər var.
Avşarların hələ lap qədimlərdən döyüşkən tayfa olduğunu diqqətə çatdıran icra başçısı son zamanlar buradakı gənclərin ordu sıralarına qatılmasında aktivliyini, onlarda vətənpərvərlik hisslərinin gücləndiyini yüksək dəyərləndirib. 44 günlük müharibənin başladığı ilk günlərdən etibarən kənd sakinlərinin nümayiş etdirdiyi birlikdən, ev-eşiyindən uzaq düşməyə məcbur olan insanlara göstərdikləri qayğıdan, etdikləri yardımdan da danışan R. Hüseynov bunun digər insanlara gözəl nümunə olduğunu, sonradan digər yardımsevər insanların da ürəklə bu təşəbbüslərə qatıldığını bildirib.
Rayonda görülən işlərdən, təsərrüfatda əldə edilən uğurlardan söz açarkən rayon rəhbəri ötən il pambıq istehsalında Ağcabədinin respublika üzrə birinci yerdə olduğunu, Avşar kəndinin də pambıqçılıqda fəallığını, ön yerlərdə getdiyini diqqətə çatdırıb, bu sahənin gəlirli sahə olduğunu, yeni iş yerlərinin yaranmasına imkan yaratdığını vurğulayıb.
İcra başçısı həmçinin ölkəmizdə həyata keçirilən tədbirlər, işğaldan azad edilən ərazilərdə görülən işlər haqqında ətraflı məlumat verib.
Sonra Ağcabədi rayon prokuroru Vüqar Hacıyev çıxış edib. Prokuror ölkəmizdə aparılan hüquq siyasətindən söz açıb, həyata keçirilən tədbirlərin Azərbaycan Respublikasının Qanunlarına əsaslandığını bildirib. Lakin bunlarla yanaşı ümumilikdə cəmiyyətdə cinayətlərin qarşısının alınması, onlara şərait yaradan səbəb və nəticələrin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu, bu işdə hər kəsin, xüsusilə ağsaqqalların böyük rol oynaya biləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Buna misal olaraq, məhz hüquq-mühafizə orqanları ilə yanaşı həm də sakinlərin təşəbbüsü, səyi nəticəsində kənddə son zamanlar ordudan yayınma, zərərli vərdişlər və digər məsələlərlə bağlı əsaslı dəyişikliklərin olduğunu diqqətə çatdıran V.Hacıyev digər narahatedici məqamlara da toxunub, maarifləndirmə işlərində hər kəsi bir olmağa çağırıb.
Daha sonra qəbul iştirakçılarının fikir və təklifləri dinlənilib. Kənd sakinləri əsasən suvarma və içməli su ilə bağlı çətinliklərindən söz açıblar. İcra başçısı bununla bağlı müvafiq tədbirlərin planlaşdırıldığını bildirib. Görüş iştirakçıları Ədalət Hüseynov, İsgəndər Qarayev və digərləri isə keçirilən səyyar görüşlərin, sakinlərin problemləri ilə yaxından tanışlığın və onların həlli istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb, bu cür şəraitin yaradıldığna görə ölkə başçısına, rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.