Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Aşağı Avşar kəndində keçirilmişdir
17 may 2024 | 16:16
Mayın 15-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Aşağı Avşar kəndində səyyar qəbulu keçirilib. Açıq havada keçirilən qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov kənddə mövcud olan ümumi nöqsanlar haqqında məlumat verib, bununla yanaşı kəndin inkişafı ilə bağlı gələcəkdə görülə biləcək işlərdən danışıb. Sonra sözü kənd sakinlərinə verən rayon rəhbəri bildirib ki, hər zaman olduğu kimi qəbulda hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirlər. Bu da sakinlərə mövcud problem və çətinliklərini daha rahat şəkildə aidiyyəti ünvanlara çatdırmaq imkanı yaradır.
Kənd sakini Sehliman İsmayılov çıxış edərək bildirib ki, kəndin ümumilikdə ciddi problemi yoxdur. Qaz, su, işıqla bağlı çətinliklər yaşanmır. Lakin kənd yolları ilə bağlı problem var. Belə ki, su borularında problem yarandıqca yol qazılır, boru təmir edilir, qazılan yer isə əvvəlki vəziyyətə qaytarılıb bərpa olunmur. Bu da yolların bərbad hala düşməsinə səbəb olur. Rayon rəhbəri tərəfindən məsələ ilə bağlı icra nümayəndəsinə müəyyən tapşırıq verilib, həmçinin belə hallarda problemin yaranmaması üçün aidiyyəti ünvana vaxtında xəbərdalıq edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.
Daha sonra kənd sakini Məhəmməd Həsənov və digərləri söz alaraq kənddə bir çox işlərin qaydasında olduğunu, hər hansı məsələdə ciddi çətinlik yaşamadıqlarını bildiriblər. Qeyd olunub ki, hazırda Qarabağda, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti, quruculuq, işlərinin qarşılığında kənd sakinləri buradakı kiçik məsələləri dilə gətirməyi qəbul edə bilmirlər. 30 illik işğaldan sonra torpaqlarımızın azad olunması, gündən-günə çiçəklənməsi, Xocalının qisasının alınması hər bir vətəndaş kimi onları da ürəkdən sevindirir və hər kəs Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək o torpaqlarda aparılan abadlıq işlərinə dəstək verməlidir.
Rayon rəhbəri sakinlərə xoş və anlayışlı fikirlərə görə minnətdarlığını bildirib, həmçinin `problemin azlığından-çoxluğundan asılı olmayaraq səyyar qəbulların mütəmadi keçirilməsinin, vətəndaşların problemlərinin yerindəcə öyrənilməsinin vacibliyini vurğulayıb.