Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Aşağı Avşar kəndində keçirilib
Görüşdə RİHB-nin müavinləri, aparatın şöbə müdirləri, hüquq -mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və media nümayəndələri iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən rayon rəhbəri qeyd etdi ki, Vətən müharibəsinin başladığı ilk günlərdən etibarən bu kəndin sakinlərinin nümayiş etdirdiyi birlik, ev-eşiyindən uzaq düşməyə məcbur olan insanlara göstərdikləri qayğı təqdirə layiqdir. Rafil Hüseynov bunun digər insanlara gözəl nümunə olduğunu, sonradan digər yardımsevər insanların da təşəbbüslərə qatıldığını bildirdi.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən də danışan icra başçısı onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Hazırda azad edilən doğma torpaqlarda mina təmizləmə işləri ilə yanaşı, böyük layihələr icra edilir, şəhər və kəndlərdə sürətli tikinti və abadlıq işləri aparılır.
Daha sonra söz kənd sakinlərinə verildi.
Onlar ilk öncə Ali Baş Komandamızın daim yanında olduqlarını, onun siyasətinin dəstəkçisi və “Dəmir yumruq” un bir zərrəsi olduğunu qeyd etdilər.
Son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə etdilər.
Ardınca kənd sakinləri Kərəm Nəbiyev, Zahid Cəfərov, Məhəmməd Həsənov, Səfər Həsənov, Rafiq Rüstəmov və başqaları onları narahat edən çətinlik və problemlərini rayon rəhbərinin diqqətinə çatdırdılar.
Rafil Hüseynov səsləndirilən həlli mümkün problemlərin araşdırılması və qanunamüvafiq formada həlli üçün tapşırıqlar verdi.
Qeyd edək ki , Ağcabədi rayonunda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir , onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin , ərizə və şikayətlərinin həll olunması üçün qanun çərçivəsində tədbirlər görülür.