Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Arazbar kəndində keçirilib
23 avqust 2023-cü il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Arazbar kəndində sakinlərlə növbəti səyyar qəbulu keçirilib. Şəhid Cavanşir Həsənovun adını daşıyan Arazbar kənd ümumi orta məktəbin həyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin şöbə müdirləri, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan rayon rəhbəri əvvəlcə qəbul iştirakçılarını salamlayıb, sonra respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda aparılan geniş abadlıq-quruculuq işləri haqqında, eləcə də rayonda sakinlərin mövcud problemlərinin aradan qaldırılması, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
Kənd sakinlərindən Məhi Hacıyev çıxışında ilkin olaraq bütün görülən işlərə görə icra başçısına minnətdarlığını bildirib. Sonra isə kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və içməli suda çətinliklərin olduğunu bildirərək, sovet dönəmində qazılmış 1 ədəd içməli su artezianının bərpa edilməsini xahiş edib. Digər sakinlər – Əli Məmişov kənddə 4 ədəd suvarma suyu, 2 ədəd içməli su üçün krant artezianın qazılması, Tanrıverdi İbrahimov və Ramiz Soltanov yeni məktəb binasının və ya əlavə korpusun tikintisi, Qarabağ müharibə veteranı Asif Cəfərov istifadəsində olan 5 hektar pay torpaq sahəsinin savarılması, şəhid atası Mahir Piriyev isə kənd ərazisində qəzalı vəziyyətdə olan 10 kv-luq elektrik dirəklərinin dəyişdirilməsi, həmçinin əkdiyi xeyli sayda ağacın suvarılmasında olan çətinlikləri diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan problemlərin həlli üçün müvafiq izahlar verilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar verilib.