Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Aran kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov mütəmadi olaraq qəbul qrafiki əsasında rayonun qəsəbə və kəndlərində əhali ilə görüşür, onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli üçün tapşırıqlar verərək icrasını nəzarətə götürür.
Rayon rəhbərinin sakinlərlə növbəti səyyar görüşü iyun ayının 7-də rayonun Aran kəndində keçirilib.
Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri,hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Səyyar görüşdə kənd sakinlərini salamlayan icra başçısı bildirib ki, ərazilərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək, həlli yolları axtarılır, aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir.
Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olmuş ərazilərdə, həmçinin rayonda həyata keçirilən ifrastruktur layihələrdən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələr haqqında ətraflı danışan Rafil Hüseynov bütün bunlarla yanaşı rayonun kənd və qəsəbələrində, o cümlədən Aran kəndində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq çıxışında hazırda kənd təsərrüfatı sahəsinə, xüsusən baramaçılığın, pambıq məhsullarının istehsalına önəm verildiyini və bu sahənin daha mənfəətli olduğunu qeyd edib.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı sakinlərin suallarına ətraflı cavablar verib.
Çıxış edən kənd sakinlərindən Ramiz Qədimalıyev suvarma suyunda çətinliklərin olduğunu və əkin sahələrinə xidmət edən su nasosu borusunun bərpa olunması, Laçın rayonundan olan məcburi köçkün Bəhmən Mirzəyev kənddə şəhid bulağının yanında avtomobil yoluna tramplin qoyulması, Eldəniz Tağıyev kənddaxili yolun asfaltlanması, Aqil Əhmədov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin cari ildə 100 illiyinin qeyd edilməsi, taxıl biçini üçün kombayın ayrılması, heyvandarlığın inkişafına diqqət yetirilməsi, Vaqif Vəliyev isə kənd qəbiristanlığına gedən yolun təmiri barədə köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə əlaqədar müvafiq göstərişlər və tövsiyələr verilib.