Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Ağcabədi şəhərində keçirilib
07 noyabr 2023 | 20:24
Rayon, qəsəbə və kəndlərdə sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə rayon rəhbəri Rafil Hüseynov ay üzrə tətbiq olunan qəbul qrafikinə uyğun səyyar görüşlərini davam etdirir.
Növbəti belə qəbullardan biri noyabrın 7-də Ağcabədi Bayraq Muzeyinin inzibati binasında keçirilib. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın işçiləri, hüquq-mühafizə orqanlarının və səlahiyyətli qurumların rəhbərləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, din xadimləri, fermerlər, eləcə də media əməkdaşları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən icra başçısı Rafil Hüseynov qarşıdan gələn “Zəfər Günü” münasibətilə qəbul iştirakçılarını təbrik edib, həmçinin rayonumuzda keçiriləcək müxtəlif silsilə tədbirlərdən söz açıb. Çıxışını yekunlaşdıran Rafil Hüseynov müraciətlərin dinlənilməsi və qanunlar çərçivəsində sakinlərə dəstəyin göstərilməsi ilə bağlı sonra sözü vətəndaşlara verib.
Rayon sakinlərindən I Qarabağ müharibəsi veteranı Aslan Şəmilov müraciətində övladının kompüter kursunun bitirərək, işlə təmin olunması üçün köməklik göstərilməsini istəyib. Ona vakant iş yerlərinin təklif edilməsi ilə bağlı məsələnin rayon icra hakimiyyətinin səlahiyyətində olmadığı üçün Qarabağ Regional Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunub. Fatma Ələsgərova müraciətində qız övladının fərdi yaşayış evi üçün müəyyən torpaq sahəsinin ayrılması, həmçinin övladının işlə təmin olunması və ona maddi yardım ayrılması ilə bağlı xahiş edib. Qanunvericilik qaydaları əsasında məlumatlandırılan vətəndaşa torpaq sahəsi ilə bağlı işlərin Ağcabədi bələdiyyəsinin balansında olduğunu, amma qızının maddi yardımla və işlə təmin olunması üçün Qarabağ Regional Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət edilməsi bildirilib. Vətən müharibəsi iştirakçısı Məmməd Mamedov rayonun Namiq Abdullayev küçəsində fərdi yaşayış evinin tikintisi üçün 4 sot torpaq sahəsinin ayrılması barədə rayon bələdiyyəsinə müraciət etdiyini, amma heç bir köməklik göstərilmədiyini bildirib. Məsələ ilə əlaqədar Ağcabədi bələdiyyəsinin sədri Solmaz Rəhimova söyləyib ki, Vətən müharibəsi iştirakçısının fərdi yaşayış evinin tikintisinə dəstək göstəriləcək. Digər rayon sakini Reyhan Abbasova müraciətində islahat vaxtı ailə üzvlərinə ayrılmış 2,11 hektar torpaq sahəsinin qanunsuz olaraq zəbt olunduğunu iddia edib. Vətəndaşa məsələnin mülki iddia olduğunu nəzərə almaqla aidiyyəti üzrə məhkəməyə müraciət etməsi üçün bilgiləndirici izahlar verilib. Vətən müharibəsi iştirakçısı Fariz Mamedov isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş edib. Problemlə bağlı rayon bələdiyyəsinin sədri Solmaz Rəhimova məlumat verib ki, fərdi yaşayış evinin inşasında Vətən müharibəsi iştirakçısına köməklik olunacaq.
Müraciətlər dinlənildikdən sonra səyyar görüş yekunlaşıb.