Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şərəfxanlı kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar mütəmadi xarakter daşıyır. Növbəti belə qəbul iyulun 24-də rayonun Şərəfxanlı kəndində keçirilmişdir.
Qəbulu giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, səyyar qəbulların əsas məqsədi vətəndaşları narahat edən məsələləri yerində öyrənmək, onların operativ və səmərəli həllinə nail olmaqdır.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Çıxış edən sakinlər əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması, subartezian quyularının və nasosların təmiri və bərpası, içməli su təminatının yaxşılaşdırılması, elektrik təsərrüfatında mövcud problemlərin aradan qaldırılması, eləcə də suvarma xidmətlərinin təşkili ilə bağlı məsələləri qaldırmışlar.
Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilmiş, operativ həlli mümkün olan məsələlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilmiş, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyin tələblərinə uyğun baxılması üçün aidiyyəti üzrə yönləndirilmişdir.






