Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Salmanbəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

18 fevral 2026 | 17:12
Fevralın 18-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Salmanbəyli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilib.
Öncə şəhid Əlfi Məmmədovun büstü ziyarət olunub, önünə tər güllər düzülüb.
 
Görüşdə öncə icra başçısı çıxış edib, sonra kənd sakinlərini narahat edən məsələlər dinlənilib. Qəbul zamanı sakinlər tərəfindən irəli sürülən müraciətlər əsasən kənd təsərrüfatı, suvarma, elektrik təsərrüfatı və torpaq sənədləşməsi məsələlərini əhatə edib.
 
Kənd sakinləri Möhübbət Əliyev və Behbud Behbudov 2025-ci ildə təhvil verdikləri pambıq məhsuluna görə “P-aqro” MMC-dən vəsaitlərini hələ də ala bilmədiklərini bildirərək köməklik olunmasını xahiş ediblər. Rayon rəhbəri məsələ ilə bağlı qanunvericiliyin tələblərini izah edərək, hazırda subsidiyaların verildiyini və yaxın vaxtlarda ödənişlərin tam təmin ediləcəyini vurğulayıb. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov məsələnin gedişatı barədə əlavə məlumat verib.
 
Suvarmada mövcud olan problemlər də görüşdə xüsusi vurğulanıb. Belə ki, kənd sakinləri Vidadi Behbudov, Heydər Məmmədov və Behbud Behbudov əkin sahələrinin suvarılmasında yaranan çətinlikləri, suvarma nasoslarının və transformatorun yenilənməsi ehtiyacını diqqətə çatdırıblar. Rayon rəhbəri suvarma ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə yerində araşdırma aparılması və problemin həlli ilə bağlı konkret tapşırıqlar verib. İdarə rəisi Asəf Quliyev texniki nasazlıqların qısa zamanda aradan qaldırılacağını bildirib.
 
Kənd sakini Heydər Məmmədov həmçinin elektrik xətlərinin qəzalı vəziyyətdə olduğunu və kənddə kabelləşmə işlərinin aparılmasına ehtiyac duyulduğunu da qeyd edib. Rayon rəhbəri kənd ərazisində kabelləşmə işlərinin planlaşdırıldığını bildirərək, mövcud qəzalı vəziyyətin dərhal araşdırılması və tədbir görülməsi üçün Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verib.
Vətəndaş Nizami Abbasov isə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən aldığı torpaq sahəsinin sənədləşmə işlərinin uzanması ilə bağlı müraciət edib. RİH başçısı müvafiq hüquqi prosedurları vətəndaşın diqqətinə çatdırıb və birləşmiş Xocavənd bələdiyyəsinə sənədləşmə prosesinə dəstək göstərməsini tövsiyə edib.
 
Səyyar qəbulun sonunda icra başçısı qaldırılan hər bir müraciətin icrasının nəzarətdə saxlanılacağını vurğulayaraq, vətəndaş məmnunluğunun prioritet olduğunu qeyd edib.
Keçidlər