Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən Təzəkənd kəndində səyyar qəbul-görüşü keçirilmişdir
19 sentyabr 2024 | 18:31
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Daha bir səyyar qəbul isə sentyabrın 18-də Şahsevən Təzəkənd kəndində keçirilib. Sakinlərlə təşkil edilən görüşdə hər zaman olduğu kimi hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB aparatının məsul şəxsləri, media nümayəndələri iştirak ediblər.
Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, səyyar görüşlərin keçirilməsinin əhəmiyyətindən söz açıb, problemlərin yaxından öyrənilməsi, həlli, bəzi məsələlərin aidiyyəti qurumlara çatdırılması baxımından bu görüşlərin böyük rol oynadığını vurğulayıb. Sonra qəbul iştirakçılarının təklifləri, xahişləri dinlənilib.
Kənd sakinləri Zakir Məmmədov, Fariz Hüseynov, Şiraslan Bayramov və digərləri söz alaraq bir sıra problem və çətinliklərini səsləndiriblər. Müraciətlərdə kəndin müəyyən ərazisindəki 6 ədəd elektrik dirəyinin, həmçinin bərbad halda olan elektrik xətlərinin dəyişdirilməsi, kənd məktəbinin idman zalının təmir edilməsi, kəndarası yolların təmiri və digər məsələlərlə bağlı köməklik göstərilməsi xahiş edilib. Elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müvafiq tapşırıq verilib, həmçinin idman zalının təmiri ilə bağlı aidiyyəti üzrə məktub ünvanlanması tapşırılıb.Kəndarası yolların təmiri ilə bağlı isə vətəndaşa izah olunub ki, bununla bağlı bələdiyyəyə müraciət olunmalıdır. Həmçinin səsləndirilən digər çətinliklərin də həlli ilə bağlı lazımi göstərişlər verilib.