Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Qiyaməddinli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu rayonun Qiyaməddinli kəndində keçirib.
Qəbuldan əvvəl rayon rəhbəri vətəndaşlara Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət qaydaları, qurumun nəzdində fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılma Mərkəzi, "Qaynar xətt" xidməti və digər müraciət mexanizmləri barədə ətraflı məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin ötən gün Ağcabədidə keçirilmiş **"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"**nın müzakirəsinə həsr olunmuş regional müşavirədən bəhs edib. O, sakinləri Dövlət Proqramı ilə yaxından tanış olmağa, təklif və təşəbbüslərini aidiyyəti üzrə təqdim etməyə çağırıb.
Daha sonra kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar. Müraciətlərdə əsasən arpa biçini zamanı yaranan texniki çətinliklər, kombayn çatışmazlığı, şor kanalın təmizlənməsi, eləcə də valideynlərini itirmiş və ağır sosial şəraitdə yaşayan dörd bacıya sosial dəstəyin göstərilməsi məsələləri qaldırılıb.
Qaldırılan məsələlərə münasibət bildirən Rafil Hüseynov qeyd edib ki, hazırda rayonda 16 kombayn fəaliyyət göstərir və texnikalar 41 təsərrüfat arasında bölgü əsasında işləyir. Biçinin növbəlilik prinsipi ilə aparıldığını vurğulayan rayon rəhbəri müraciət edən vətəndaşın əkin sahəsinin də qısa müddət ərzində biçilməsi üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şor kanalın təmizlənməsi ilə bağlı məsələ üzrə aidiyyəti qurumlara rəsmi müraciətin hazırlanması barədə tapşırıq verilib.
Valideynlərini itirmiş dörd bacının sosial vəziyyətinə toxunan rayon rəhbəri həmin ailənin vəziyyətinin Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olduğunu bildirib. Qeyd olunub ki, ailəyə indiyədək müxtəlif istiqamətlər üzrə dəstək göstərilib, hazırda isə onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər ay mütəmadi maddi yardımın göstərilməsi nəzərdə tutulur.
Səyyar qəbul zamanı səsləndirilən digər müraciətlər də dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






