Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Qaraxanlı kəndində səyyar qəbul-görüşü keçirilmişdir

04 oktyabr 2024 | 11:17

Oktyabrın 2- də Qaraxanlı kəndində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.

 Qaraxanlı kənd tam orta məktəbinin binasında təşkil olunan görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov bildirilib ki, hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin də iştirakı ilə keçirilən səyyar qəbulda əsas məqsəd  kənd sakinlərinin çətinliklərini öyrənmək, həllinə çalışmaqdır.   

Sonra qəbul iştirakçıları mövcud problemlərini, istək və təkliflərini səsləndiriblər. Müraciətlərdə 2 ədəd batmış subartezian quyusunun bərpası, kəndə təbii qaz xəttinin çəkilməsi, kənd məktəbində  kimya, riyaziyyat müəllimlərinə ehtiyac olması, I Qarabağ müharibəsi iştirakçısına veteranlıq stastusunun verilməsi ilə bağlı yaşanan çətinliklər diqqətə çatdırılıb, köməklik göstərilməsi xahiş olunub. O cümlədən işlə təmin olunma, rayon xəstəxanasında növbə problemi  və digər məsələlərlə də bağlı müraciətlər olunub.

      Subartezian quyularının bərpası ilə əlaqədar aidiyyəti idarənin rəisi  bildirib ki, həmin quyulardan yalnız  birinin bərpası 2025-ci il üçün nəzərdə tutulub. Orta məktəbdə müəllim çatışmazlığı ilə bağlı məsələ də müzakirə olunub, bildirilib ki, ikinci iş yeri kimi müəllimlər dəvət oluna bilər. Bununla bağlı  Qarabağ Regional Təhsil İdarəsinə təqdimat göndərilib.

       Xəstəxanada növbə problemini də diqqətdə saxlayacağını bildirən rayon rəhbəri bununla bağlı müvafiq komissiyanın yaradılmasını, məsələnin əsasının öyrənilməsini  tapşırıb.

     Müharibə iştirakçısına veteranlıq statusunun verilməsində yaşanan problemə gəldikdə isə vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Qəbulda səslənən digər məsələlərə də münasibət bildirilib, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Keçidlər