Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Qaradolaq kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
11 fevral 2026 | 18:57
Qaradolaq kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Fevralın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qaradolaq kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib. Öncə qəbulun keçirildiyi məktəbin həyətində şəhid Hamlet Məmmədovun xatirə lövhəsi ziyarət olunub, önünə tər güllər qoyulub.
İcra başçısının çıxış etdiyi görüşdə daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində konkret tapşırıqlar verilib.
Qəbulda çıxış edən sakinlərdən Fərid Dostuyev, Rövşən Piriyev və Müzəffər Şirinov “P-Aqro” MMC zavoduna təhvil verdikləri 20 ton pambığın ödənişini ala bilmədiklərini bildirərək köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbəri məsələ ilə bağlı izahat verib, şirkət tərəfindən verilən məlumata əsasən borcların növbəti həftə ərzində tam ödəniləcəyini bildirib.
Kənd sakini Fehruz Əhmədov əkin sahələrinə gedən su kanalının üzərindəki borunun çökməsi səbəbindən yaranan çətinliyi diqqətə çatdırıb. İcra başçısı problemin aradan qaldırılması üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə borunun yenisi ilə əvəz edilməsi barədə lazımi tapşırıq verib.
Digər kənd sakini İlyas Qarayev isə kənddə içməli və suvarma suyu çatışmazlığını, həmçinin drenaj kollektorların qarşısının bağlanması nəticəsində torpaqların şoranlaşdığını qeyd edib. Rayon rəhbəri su təminatının yaxşılaşdırılması üçün hazırlanan 2 yeni layihənin aidiyyəti üzrə təqdim edildiyini bildirib və kollektorların təmizlənməsi üçün müvafiq göstəriş verib.
Nasos stansiyasının bərpası və texnika təminatı məsələsi də görüşdə önə çəkilən problemlərdən olub. Kənd sakini Elçin Əliyev Qaradolaq-2 nasos stansiyasının işləməməsi və drenajların keyfiyyətsiz təmizlənməsini diqqətə çatdırıb. Məsələ ilə bağlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevin məlumatı dinlənilib. İcra başçısı əraziyə əlavə 1 ədəd traktorun cəlb edilməsi məsələsinin qaldırılacağını bildirib. Nasos stansiyasının təmir olunaraq mütəxəssislə təmin edilməsi üçün də zəruri addımların atılması ilə bağlı müvafiq tapşırıq verib.
Beləliklə, keçirilən səyyar qəbulda qaldırılan bütün müraciətlər nəzarətə götürülüb və icrası üçün müvafiq qurumlara vaxt müəyyən edilib.






