Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Yuxarı Qiyaməddinli kəndində keçirilib
Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə qeyd olunduğu kimi, icra başçıları öz fəaliyyətini vətəndaşların hüquqvə azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiqərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminəiqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təminedilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınmasıprinsipləri əsasında qururlar. Bütün bunlara daha yaxından nəzarət etmək, görülən işlərin nəticələrini, həmçinin mövcud çətinlikləri yerindəcə öyrənmək, onların həlli istiqamətində müvafiq addımların atılmasını təmin etmək məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirir. Həm fərdi şəkildə keçirilən qəbullar, həmçinin səyyar görüşlər problemlərin vaxtında öyrənilməsinə və aradan qaldırılmasına imkan yaradır, bununla da vətəndaş məmnunluğu təmin edilir.
Rayon rəhbərinin 2022-ci il üçün sonuncu səyyar qəbulu hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə dekabrın 28-də, Yuxarı Qiyaməddinli kəndində keçirildi.
İcra başçısı görüş iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi, xalqımıza əminamanlıq, bol ruzi arzuladı.
Vətən müharibəsində qazandığımız qələbədən, hazırda işğaldan azad olunmuş ərazilərdə gedən tikinti, qurculuq-abadlıq işlərindən söz açan R. Hüseynov bu zəfərin əldə edilməsində Ali Baş Komandanın qətiyyətinin, uğurlu siyasətinin, ordu quruculuğunun böyük rolunu vurğuladı. Həmçinin xalqımızın yumruq kimi bir olmasının da qələbəyə böyük təkan verdiyini qeyd etdi. O da bildirildi ki, istər I , istərsə də II Qarabağ müharibəsi zamanı Yuxarı Qiyaməddinli kəndi daim atəşə məruz qalıb, çox böyük çətinliklər yaşayıb, dağıntılarla üzləşib. Amma buna baxmayaraq sakinlər daim ayaqda qalmağı, mübariz olmağı bacarıblar. Vətən müharibəsində təkcə bu kənddən 141 nəfər iştirak edib, 2 nəfər şəhidlik zirvəsinə ucalıb, 1 nəfər itgin düşüb, xeyli sayda yaralananlar olub. Müharibə dövründə kəndə xeyli ziyan dəysə də, həmin zərərlər bərpa olunur.
Sonra söz görüş iştirakçılarına verildi. Kənd sakinləri Həsən Qasımov, Ağalar İsgəndərov, Asəf Zeynalov, Pərviz Qurbanov və digərlərinin kənddə uşaq bağçasının olmaması, əkin sahələrində gəmiricilərə qarşı mübarizə tədbirlərinin görülməsinə ehtiyacın yaranması, işlə təmin olunma, artezian quyularının bərpası, içməli suyun, elektrik enerjisinin verilməsində yaranan problemlər və digər məsələlərlə bağlı müraciətləri dinlənildi. Müraciətlərin bəziləri aidiyyəti üzrə yönləndirildi, həlli mümkün olan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verildi.
R. Hüseynov yaranan problemlərin rəhbərliyə daha operativ şəkildə çatdırılması üçün Ağcabədi RİH yanında Müraciətlərə Operativ Baxılma (MOB) Mərkəzinə zəng vurulmasının çox əlverişli olduğunu bildirdi və heç bir məsafənin problemlərin həllinə mane olmadığını diqqətə çatdırdı.