Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Xocavənd kəndində keçirilib
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayanır. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları ilə görüşləri zamanı səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur. Ağcabədidə də hər zaman vətəndaş məmnunluğu diqqət mərkəzindədir. Sentyabrın 14-də rayonun Xocavənd kəndində icra başçısının növbəti səyyar qəbulu keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər.
Səyyar görüşü giriş nitqi ilə açan rayon rəhbəri sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatdan söz açdı. Daha sonra vətənimizin bütövlüyü naminə canını düşmən gülləsinə sipər edən və bu yolda şəhid olan oğullarımızın ruhu hörmətlə anıldı, xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Rayon rəhbəri çıxışı zamanı vurğuladı ki, Ermənistan anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etmiş, özünün suveren hüquqlarını müdafiə edən dövlətdir.
Ermənistanın ərazi bütövlüyümüzü tanımaqdan başqa yolu yoxdur.
Ermənilər yaxşı bilirlər ki, bu ərazilər, ev-eşik onların deyil və heç vaxt da olmayacaq. Əgər belə olsaydı 30 il müddətində bu yerləri talamaz, əksinə, abadlıq işləri görər, qurub-yaradardılar.
İcra başçısı çıxışında vəhşi düşmənin talan etdiyi torpaqlarda hazırda sürətli bərpa işlərinin aparıldığını, vətəndaşlarımızın doğma ocaqlarına qayıdış həsrətinin tezliklə sona yetəcəyini, Qarabağ və ətraf rayonlarımızın tamamilə gülüstana dönəcəyini qeyd etdi.Daha sonra rayon rəhbəri yerlərdə keçirilən görüşlərin məqsəd və mahiyyətindən, bu qəbulların artıq bir ənənəyə çevrilməsindən, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının müsbət nəticələrverməsindən bəhs etdi.
Görüşdə sakinlərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər səsləndirildi. Kənd sakinləri Zahir İbrahimov, Seymur Əbdülov, Nüşabə Mamedova və başqaları içməli suyun çatışmamasından və kənddə körpələr evi-uşaq bağçasına ehtiyac olmasından söz açdılar.
Göstərilən problemlərin bir çoxu yerindəcə öz həllini tapdı. Digərləri isə araşdırılaraq həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verildi.