Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Sarvanlar kəndində keçirilib
İyulun 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu Sarvanlar kəndində keçirib. Qəbulun Sarvanlar kənd sakini ll Qarabağ müharibəsi şəhidi Quliyev Həsən Adışirin oğlunun ailəsinə məxsus evin həyətində keçirilməsi onun əhəmiyyətini, mahiyyətini, məsuliyyətini bir qədər də artırıb. Şəhidin atası Adışirin Quliyev sakinlərlə görüşün onun evində keçirilməsinə görə minnətdarlığını bildirib. O, həmçinin şəhid ailələrinə, qazilərə göstərilən dövlət diqqət və qayğısından da danışaraq öz razılığını bildirib. Qəbulda rayon rəhbəri Rafil Hüseynovla yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Sarvanlar kənd icra nümayəndəliyinin, rayonda fəaliyyət göstərən idarə müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən icra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq, cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən daxili və xarici siyasətin bəhrələrini sadalayaraq, əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb.
Rayon rəhbəri 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun düşməni məhv etməsindən, azad olunmuş ərazilərdə nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğundan söz açıb. Qəbulda çıxış edən şəhid atası Adışirin Quliyev, Tofiq Quliyev, Bakir İsmayılov, Nizami Həsənov, Rəsmiyyə Allahverdiyeva, Ozal Cəfərov kənddə yaranmış içməli və suvarma suyun çatışmamazlığından, yeni tikilib istifadəyə verilmiş evin qazlaşdırılma prosesinin ləngiməsindən, bəzi küçələrin asfalt örtüyə ehtiyacı olmasından, məktəb binasının yenidən tikilməsindən söz açıblar.
Səyyar görüşdə rayon rəhbəri kənd sakinləri ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda rayon rəhbəri sakinləri narahat edən mövcud problemlərin yerində öyrənilməsi və operativ həlli barəsində tapşırıq və tövsiyələrini verib.