Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Şahsevən Təzəkənd kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli üçün zəruri addımlar atılır. Bu istiqamətdə Ağcabədi rayonunda da ardıcıl tədbirlər, vətəndaşlarla görüşlər keçirilir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən Təzəkənd kəndində iyulun 7-də keçirdiyi səyyar qəbul bu baxımdan diqqəti çəkir. Qəbulda rayon rəhbəri ilə yanaşı hüquq mühafizə orqanlarının əməkdaşları, icra hakimiyyəti aparatının məsul işçiləri, Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Rafil Hüseynov çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və eləcə də, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş dövlət qərarlarından ətraflı söz açıb. Qəbulda kənd sakinləri ölkə başçısının göstərdiyi diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər kənddə mövcud olan içməli suyun, habelə təsərrüfat suyunun qıtlığından və quraşdırılmış qaz sayğaclarında yaranmış problemlərdən danışıblar. Sonda rayon rəhbəri kənd sakinləri tərəfindən səsləndirilən problem və təkliflərin bəzilərinin yerindəcə həll edilməsi üçün tapşırılarını verib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələrlə bağlı mürqaciətlər isə aidiyyatı qurumlara həvalə edilib.