Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Qaravəlli kəndində keçirilib
Avqustun 3-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu rayonun Qaravəlli kəndində keçirib.
Səyyar qəbulun daha bir Vətən müharibəsi şəhidi Xəzər Bayramovun evində keçirilməsi şəhid ailələrinə olan sonsuz ehtiramın göstəricisi kimi yadda qalıb. Rayon rəhbərinin təbirincə desək, şəhid ailələrinin evlərində keçirilən səyyar qəbullar həm də ziyarət xarakteri daşıyır.
Qəbulda rayon rəhbəri Rafil Hüseynovla yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Qaravəlli kənd icra nümayəndəliyinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, ordu, xalq birliyindən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarından, azad olunmuş ərazilərdə görülən nəhəng quruculuq işlərindən ətraflı danışıb.
Qəbulda çıxış edən kənd sakinləri Əlqan Məhərrəmov, Hüseyn Mənsimov, Leyla Abbasova, Əzizağa Gülmalıyev, kənddə suvarma suyunda yaranmış problemdən, bir neçə küçədə asfalt örtüyə ehtiyac olmasından söz açıblar.
Qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyatı qurumlara həvalə edilib.
Səyyar görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyətindən danışıb, razılıqlarını bildiriblər.