Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Pərioğullar kəndində keçirilib

02 iyun 2022 | 15:59

 Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iyunun 1-də növbəti səyyar qəbulunu Pərioğullar kəndində keçirib.

            R.Hüseynov YAP Ağcabədi rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, kənd ərazisində fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri, sahibkarlar və kənd sakinlərinin iştirak etdiyi qəbulda çıxış edərək, vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edən məsələlərin həllinə nail olmaqdır. Bu, təkcə tapşırığın yerinə yetirilməsi deyil, həm də ölkədə aparılan sosisl siyasətin tələblərinə cavab verməkdir.

            Rayon rəhbəri pandemiya ilə əlaqədar olaraq, əvvəllər əhali ilə görüşlərin məhdudluğundan danışıb. Qeyd olunub ki, bu ilin mart ayından artıq karantin qaydalarının yumşalması ilə yerlərlə əlaqələr intensivləşib. İndi rayon rəhbərliyi yerlərdə əhali ilə sıx təmasda ola bilir. Bugünki səyyar qəbul buna əyani sübutdur. Yeri gəlmişkən qeyd edək ki, icra başçısının yerlərə tək yox, hüquq-mühafizə orqanlarının və digər idarə, təşkilat rəhbərləri ilə birgə getməsi əhalinin rastlaşdığı çətinlik və problemlərin yerində və vaxtında həll olunmasına böyük köməklik göstərir. Təkcə onu göstərmək kifayətdir ki, ötən il rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən MOB Mərkəzinə rayon sakinləri tərəfindən daxil olan müraciətlərin 81 faizi tam, 7 faizi isə qismən öz həllini tapıb.

            Rayon rəhbəri Ağcabədinin yaxın vaxtlarda tanınmaz dərəcədə inkişaf edəcəyini, daha da irəliləyəcəyini xüsusi ilə vurğulayıb.

            Səyyar qəbulda sakinlər bu görüşlərin onların təklif və müraciətlərinə yerində baxılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Kənddə uşaq bağçasının yararsız halda olduğunu, internet xəttinin yoxluğunu, kənd məktəbində istilik sisteminin mövcud olmadığını, əhalinin içməli su sarıdan çətinlik çəkdiyini vurğulayan sakinlər bəzi məsələlərin yerində həllini tapmasına görə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər. Səmimi ab-havada keçən görüşdə sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyat keçirilən tədbirlərə, göstərilən diqqətə görə, ilk növbədə, dövlətimizin başçısı cənab İlham Əliyevə borclu olduqlarını bildiriblər.

            Sonda rayon rəhbəri vətəndaşların müraciətlərinə həssaslıqla baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin bundan sonra da Ağcabədi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edəcəyini bildirib.

Keçidlər