Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Minaxorlu kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu oktyabrın 13-də Minaxorlu kəndində keçirib.
Vətən müharibəsi şəhidi Gülalı Qəhrəmanovun ailəsinə məxsus evin həyətində keçirilən qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin, idarə, müəssisə və digər xidmət təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə rayon rəhbəri çıxış edərək, səyyar qəbulun artıq bir neçə dəfə şəhid ailələrində keçirildiyini, onların hər zaman diqqətdə saxlanıldığını bildirib. R. Hüseynov regionların sosial-iqtisadi inkişafından, bölgələrdə, qəsəbə və kəndlərdə sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən sözaçıb. İcra başçısı prezident İlham Əliyev və I xanımMehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə səfərlərini, sakinlərin artıq bərpa olunmuş, minalardan təmizlənmiş bəzi ərazilərə köçürülməsini də diqqətə çatdırıb.
Sonra qəbulda iştirak edənlər növbə ilə söz alaraq,onları narahat edən əsas məsələlər barədə fikirlərini bildiriblər. Kənd sakinləri Əmir Əliyev, Heydər Məmmədov, Hikmət Quliyev, Uğur Qarayev, Müşfiqə Sarıyeva, Eynullah Hacıyev, Aydın Qəhrəmanov, Ruslan Mehdiyev suvarma və içməli suyun qıtlığı,kənd ərazisində yerləşən tibb məntəqəsinin qazla təchizatı, işlə təmin olunma və digərçətinliklərini səsləndiriblər. Kəndin ümumi problemləri müzakirə olunub, qaldırılan məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib. Qeyd olunub ki, rayonda keçirilən istər səyyar, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun olmaqla icrası təmin edilir.