Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Hacılar kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Hacılar kəndində səyyar qəbulu keçirilib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər.
Kənd sakinlərini salamlayan icra başçısı bildirdi ki, bir müddət əvvəl COVİD-19 pandemiyası ilə bağlı yerlərdə səyyar qəbulların keçirilməsi də təxirə salınmışdı. Artıq 2022-ci ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da səyyar görüşlər mütəmadi olaraq həyata keçirilir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən danışan icra başçısı onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Hazırda azad edilən doğma torpaqlarda mina təmizləmə işləri ilə yanaşı, böyük layihələr icra edilir, şəhər və kəndlərdə sürətli tikinti və abadlıq işləri aparılır.
Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olduğunu qeyd edən rayon rəhbəri müstəqil dövlətimizin davamlı inkişafı və uğurlu gələcəyinin təmin edilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. İcra başçısı onu da diqqətə çatdırdı ki, Vətən müharibəsi dövründə Hacılar kəndi də düşmən atəşinə məruz qalırdı. Düşmənin atdığı mərmilər nəticəsində kənd sakinlərinin evlərinin dağılmasına baxmayaraq, onlar kəndi tərk etmədilər. Əksinə sakinlər yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdirdilər.
Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyatı tapşırıq və tövsiyyələr verildi.