Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Hacıbədəlli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə fevralın 8-də növbəti səyyar qəbulunu Hacıbədəlli kəndində keçirtdi.
Kənd klubunda keçirilən qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri, kənd sakinləri iştirak etdilər.
İcra başçısı görüş iştirakçılarına cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan, Azərbaycanın tranzit ticarətin daşınmasında mühüm önəmindən, transmilli infrastrukturların qurulmasının əhəmiyyətindən söz açdı.Onu da qeyd etdi ki, hazırda işğaldan azad edilmiş torpaqlarımızda bu gün hava limanları tikilir, yollar, tunellər çəkilir.
Rayon rəhbəri bu ilin sonuna kimi Laçına, Ağdama, Şuşaya bir qism sakinlərin qayıdacağının planlaşdırıldığını da iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra söz qəbul iştirakçılarına verildi.
Kənd sakinləri Füzuli Cəlilov kənd məktəbinin əsaslı təmirə ehtiyacı olmağından, Vidadi Bayramov içməli suya olan tələbatdan, Coşqun Mehdiyev sahibsiz itlərin məktəblilər üçün yaratdığı təhlükədən və digər məsələlərdən söz açdılar.
Səyyar görüşdə səsləndirilən problemlərin bir qismi yerində öz həllini tapdı. Digərlərinin isə araşdırılması və qanunamüvafiq formada həlli üçün tapşırıqlar verildi.
Qeyd edək ki , Ağcabədi rayonunda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.