Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Göyük kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Göyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı R. Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərdən söhbət açıb. O, bildirib ki, ölkəmizin inkişafı, əhalinin sosial problemlərinin həlli, onların həyat səviyyəsinin yüksəldilməsi hər zaman diqqətdə saxlanılan məslələrdir. Qeyd olunub ki, yerlərdə keçirilən səyyar qəbulların məqsədi də vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə nail olmaqdır.
Sonra ayrı-ayrı sahələri əhatə edən problemlər dinlənilib. Sakinlər Saday Qarayev, Zahid Bağırov, Atamoğlan Həsənov, Elnur Cəfərov, Füzuli Qəhrəmanov və başqaları kənd məktəbinin istilik təhcizatındakı problem, içməli və suvarma suyunun qıtlığı, kənddə poçtun olmaması və bu kimi digər problemləri diqqətə çatdırıblar.
Görüşdə vətəndaşların müraciətləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.