Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Aran kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli üçün zəruri addımlar atılır. Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Aran kəndində iyunun 22-də keçirdiyi səyyar qəbul bu baxımdan diqqəti çəkir. Qəbulda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri və media mənsubları iştirak ediblər.
Səyyar qəbulda çıxış edən rayon rəhbəri ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, əldə olunan qələbədən danışıb, xalq, ordu birliyinin təntənəsindən söz açıb. Natiq çıxışında pambıqçılıq, baramaçılıq, və kənd təsərrüfatının digər sahələri, eləcə də, suvarma işlərindən ətraflı söhbət açıb.
Qəbulda çıxış edən kənd sakinləri suvarma suyunun qıtlığından, ərazidə fəaliyyət göstərən su nasosunun təmirə ehtiyacı olmasından, kənddə internet şəbəkəsinin zəifliyindən söhbət açaraq köməklik göstərilməsini xahiş ediblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri kənddə mövcud olan problem və çətinliklərin aradan qaldırılması üçün məsləhət və tövsiyələrini verib. Bəzi müraciətlər operativ şəkildə həllini tapıb, digərlərinin tezliklə aradan qaldırılması üçün əlaqədar qurumlara tapşırıqlar verilib.