Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Nəcəfqulubəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
22 aprel 2026 | 19:15
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Nəcəfqulubəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar mütəmadi xarakter daşıyır. Növbəti belə qəbul rayonun Nəcəfqulubəyli kəndində təşkil olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə qəbulun keçirildiyi məktəbin həyətində Birinci Qarabağ müharibəsi şəhidi Rahim İbrahimovun büstünü ziyarət etmişlər. Abidə önünə tər çiçəklər düzülərək, Vətən uğrunda canından keçmiş qəhrəmanın xatirəsinə dərin ehtiram ifadə olunmuşdur.
Qəbulu giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, səyyar qəbulların əsas məqsədi vətəndaşları narahat edən məsələləri yerində öyrənmək, onların operativ və səmərəli həllinə nail olmaqdır.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Çıxış edən sakinlər əsasən daxili yolların təmiri, elektrik enerjisi təminatının yaxşılaşdırılması, həmçinin müəyyən ərazidən keçən yolda avtomobillərin sürət həddinin tənzimlənməsi ilə bağlı məsələləri diqqətə çatdırmışlar. Bununla yanaşı, bir sıra digər sosial problemlərin həlli ilə bağlı müraciətlər də səsləndirilmişdir.
Vətəndaşların qaldırdıqları məsələlərə münasibət bildirən Rafil Hüseynov müraciətlərin araşdırılması və qısa müddətdə həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.






