Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Mehrablı kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən yerlərdə vətəndaşlarla keçirilən səyyar qəbullar davam etdirilir. Növbəti belə qəbul rayonun Mehrablı kəndində təşkil olunmuşdur.
Görüşdən əvvəl iştirakçılara Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciətlərin edilməsi qaydaları ilə bağlı videotəlimat təqdim edilmişdir.
Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbulların keçirilməsində əsas məqsədin vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi və onların operativ həllinə nail olunması olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də icra hakimiyyətinin məsul əməkdaşları iştirak edirlər.
Səyyar qəbul zamanı Mehrablı kənd sakinləri tərəfindən kənd həyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər qaldırılmışdır. Müraciətlər əsasən rabitə xidmətlərinin keyfiyyəti, içməli və suvarma suyu ilə təminat, həmçinin səhiyyə sahəsində mövcud problemlərlə bağlı olmuşdur. Xüsusilə kənd ərazisində mobil rabitə şəbəkəsinin zəifliyi, içməli və suvarma suyu ilə bağlı çətinliklər, şor kanalların təmizlənməsi zərurəti, kənd tibb məntəqəsində həkim çatışmazlığı və digər məsələlər diqqətə çatdırılmışdır.
Qaldırılan məsələlərə münasibət bildirən icra hakimiyyətinin başçısı aidiyyəti qurumların nümayəndələrinə problemlərin qısa müddətdə araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Sonda kənd sakinləri müraciətlərinə göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını ifadə etmişlər.






