Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Köyük kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu noyabrın 22-də Köyük kəndində olub. Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müvinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələrinin iştirakı ilə keçirilən görüş Köyük kənd tam orta məktəbinin akt zalında baş tutub.
Çıxış edən icra başçısı bildirib ki, Köyük kəndi ilə bağlı hər zaman müəyyən çətinliklər olub, lakin bunların çoxu həllini tapmaqdadır. Xüsusən artezian quyuları ilə bağlı problemlər diqqət çəkir ki, bu da birdəfəyə həll olunacaq məsələ deyil. Rayonun digər kəndlərini də nəzərə almaq lazımdır və növbəlilik əsasında zamanla bu problemlər də aradan qalxacaqdır.
Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakinləri Akif Əliyev, Savalan Hacıyev və digərləri onları narahat edən məsələləri diqqətə çatdırıblar. Müraciətlərin əksəriyyəti artezian quyusunun qazılması və ya bərpası ilə bağlı olub. Bununla yanaşı, kənd orta məktəbinin qazlaşdırılması, ərazidə bankomatın quraşdırılması ilə bağlı köməklik göstərliməsi də xahiş olunub. Həmçinin Köyük kəndinin adının bir çox hallarda “Göyük” kimi yazıldığı, bunun gələcəkdə bir çox hallarda problemlər yaradacağı diqqətə çatdırılaraq aidiyyəti üzrə məsələ qaldırılması xahiş olunub
Rayon rəhbəri qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan çətinliklərlə bağlı sakinlərin lazımi ünvanlara müraciət etmələri üçün tövsiyələr verib.