Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Kəbirli kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri davam edir. Dekabrın 20-də daha bir səyyar qəbul Kəbirli kənd tam orta məktəbinin akt zalında keçirilib. Qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatarın rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov Kəbirli kəndi, eləcə də kəbirli tayfası haqqında fikirlərini sakinlərlə bölüşüb. Kəbirli kəndində yaşlı nəslin sözünə hörmət olduğunu, sakinlərin birliyə meyilliliyini diqqətə çatdıran icra başçısı həmçinin kənd üçün nəzərdə tutulan işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Sonra sözü qəbul iştirakçılarına verib.
Kənd sakinləri Bayram Məmmədov, Asif Məmmədov və digərləri çıxış edərək bir sıra porblemləri diqqətə çatdırıblar. Kənd ərazisində qəzalı vəziyyətdə olan 10 kv-luq elektrik naqilləri və dirəklərinin yenilənməsi ilə bağlı müraciətə cavab olaraq aidiyyəti üzrə nümayəndə bildirib ki, məsələdən xəbərdardırlar və artıq həmin çürümüş dirəklərin siyahısının verilməsi ilə bağlı lazımi tapşırıq verilib. Bununla yanaşı, sakinləri narahat edən digər məsələlər –işməli su artezian quyusunun qazılması, şor kanalın təmizlənməsi, kəndin girişlərində kəndin adının yazıldığı lövhələrin olmaması və sakinləri narahat edən digər məsələlər diqqətə çatdırılıb, köməklik olunması xahiş edilib. Bütün məsələlərə münasibət bildirilib, onların həlli üçün müvafiq tapşırıqlar verilib.