Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Hacıbədəlli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
18 mart 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hacıbədəlli kəndində növbəti səyyar qəbul keçirmişdir. Qəbulda rayon icra hakimiyyətinin məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
İcra başçısının çıxışından sonra söz qəbul iştirakçılarına verilmişdir. Səyyar qəbul zamanı vətəndaşların müxtəlif sahələr üzrə müraciətləri dinlənilmiş və qaldırılan məsələlərə baxılmışdır.
Kənd sakini Arzu Məmmədova kənd uşaq bağçasının həyətində yerləşən iri ağacın təhlükə yaratması ilə bağlı müraciət etmişdir. Məsələ ilə əlaqədar Ağcabədi Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinə, eləcə də RİH başçısı aparatının aidiyyəti şöbəsinə ağacın budanması və ya köçürülməsi istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
Digər sakin Vidadi Bayramov kənddə içməli su probleminin mövcudluğunu diqqətə çatdırmışdır. Bununla bağlı yeni artezian quyusunun qazılması üçün aidiyyəti qurumlara müraciət olunması tapşırılmış, həmçinin Yuxarı Qarabağ kanalından su təmizləyici qurğunun çəkilməsinin vacibliyi qeyd edilmişdir.
Kənddə yeni məktəb binasının tikintisi məsələsi sakin Rafiq Bayramov tərəfindən qaldırılmışdır. O, Hacıbədəlli kənd tam orta məktəbinin binasının qəzalı vəziyyətdə olduğunu bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, yeni məktəb binasının tikintisi ilə bağlı aidiyyəti üzrə artıq müraciət olunmuş və məsələ planlaşdırılmışdır.
Səyyar qəbulda suvarma suyu ilə bağlı çətinliklər də diqqətə çatdırılmışdır. Kənd sakini Mirzə Mirzəyev əkin sahələrinin suvarılmasında yaranan problemlərdən danışmışdır. Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev çıxış edərək hazırda suvarma suyu ilə bağlı ciddi problemin olmadığını, vətəndaşlara bu istiqamətdə lazımi köməklik göstəriləcəyini bildirmişdir.
Görüşün sonunda bir daha çıxış edən icra başçısı qaldırılan bütün məsələlərin icrasının nəzarətdə saxlanılacağını vurğulamışdır.






