Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Cəfərbəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Noyabrın 14-də təsdiq edilmiş qrafikə uyğun olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kəndində növbəti səyyar qəbulu keçirilib. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak edib.
İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək son illərdə əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən, sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Daha sonra mövcud problemlərin öyrənilməsi üçün söz sakinlərə verilib.
Qəbul iştirakçısı Xudayar Alxanov Ali Baş Komandanın rəhərliyi ilə Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə, Qarabağ torpaqlarının erməni işğalçılarından azad olunması və ölkədə yaranmış əmin amanlığa, firavanlığa görə dövlət başçısına minnətdarlığını ifadə edib. O, həmçinin kənd ərazisində olan dren kollektorun təmizlənməsinə zəruri ehtiacın olduğunu bildirərək köməklik olunmasını xahiş edib. Rayon rəhbəri tərəfindən məsələ ilə bağlı Ağcabədi Suvarma Sistemləri idarəsinə lazımi tapşırıq verilib.
Kənd sakini Valeh Atakişiyev isə müraciətində pay torpaq sahələrinə gedən baş su arxının təmizlənməsini və kənd tam orta məktəbinin istismara yararsız vəziyyətdə olduğunu bildirərək yeni məktəb binasının tikintisinə köməklik göstərilməsini xahiş edib. Bununla yanaşı , hazırda istilik sisteminin olmadığı məktəbə qaz xəttinin çəkilməsinə də böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Vətəndaşın qaldırdığı ilk məsələ ilə bağlı Ağcabədi Suvarma Sistemləri idarəsinə müvafiq tapşırıq verilib. O cümlədən yeni məkəb binasının tikintisinin Dövlət Proqramında nəzərdə tutulduğu bildirilib. Kənd tam orta məktəbinə qaz xəttinin çəkilişi ilə bağlı isə müvafiq qanunvericilik qaydaları vətəndaşa izah olunub, eyni zamanda məsələ ilə bağlı aidiyyəti üzrə məktub yazılması üçün lazımi tapşırıq verilib.
Bunlardan əlavə, kənd sakini Süleyman Əliyev pay torpaq sahələrinə gedən baş su arxının təmizlənməməsi nəticəsində mülkiyyətində olan torpaq sahəsinin su altında qaldığını bildirərək yaranmış problemin aradan qaldırılmasına, Fariz Abbasov isə fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər. Qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.