Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Avşar kəndində səyyar qəbul-görüşü keçirilmişdir

04 iyul 2024 | 11:41

  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının  2024-cü ilin iyul ayı üçün ilk səyyar qəbulu Avşar kəndində, 1 saylı tam orta məktəbin binasında keçirilib.  Qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

     Çıxış edən icra başçısı Rafil Hüseynov qeyd edib ki, səyyar qəbulun keçirilməsində məqsəd  sakinlərin  problem və çətinliklərini öyrənmək, onların vaxtında həllinə nail olmaqdır.O, Avşar kəndinin rayonun Hindarx qəsəbəsindən sonra ikinci böyük yaşayış məntəqəsi olduğunu, müraciətlərin çox ola biləcəyini nəzərə alaraq  kəndə görüşlərin tez-tez keçirildiyini diqqətə çatdırıb.

 Kənd sakinləri Mehman Mehdiyev, İsgəndər Qarayev, İbadət Rəfiyev, Şükür Nəcəfov və digərləri çıxış edərək bir sıra çətinliklərlə bağlı fikir və təkliflərini bildiriblər.

   Kənddə uşaq bağçasının tikilməsi xahişinə cavab olaraq bildirilib ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.

    Digər müraciətlər isə əsasən içməli və suvarma suyu ilə bağlı olub. Sakinlər bununla bağlı problem yaşadıqlarını söyləyiblər. Bildirilib ki, kəndin elə hissəsi var ki, orada ümumiyyətlə su yoxdur və kənardan su daşımaq çox çətinlik yaradır.

      Sakinlərə bildirilib ki, kənddə 2 ədəd subartezian quyusunin vurulması artıq planlaşdırılıb. Ümumilikdə yaşanan su problemi ilə də bağlı  məsələ qaldırılacaqdır.

       Ərazidən keçən kanala  su vurulması ilə bağlı müraciətə münasibət bildirən Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov da öz növbəsində sakinlərdən xahiş edib ki, tullantıları kanala tökməsinlər. Xüsusilə böyük və bərk tullantıların təmizlənməsi ciddi çətinlik yaradır. Rayon rəhbəri də kanalın çirkləndirilməsinə münasibət bildirərək kənddə gündəlik tullantıların yığılması, daşınması ilə bağlı məsələnin nizama salınması üçün aidiyyəti üzrə tapşırıq verib.

       Səyyar qəbulda qaldırılan digər problemlər də rəhbər şəxslərlə birlikdə müzakirə olunub, anlaşılmazlıq yaranan bəzi məsələlərin aydınlaşdırılması ilə bağlı göstəriş verilib.

Keçidlər