Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Arazbar kəndində səyyar qəbul-görüşü keçirilmişdir
10 oktyabr 2024 | 10:39
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Oktyabrın 9-da keçirilən növbəti qəbulun ünvanı isə Arazbar kəndi olub. Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müvinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən görüş açıq havada baş tutub.
Öncə çıxış edən icra başçısı bildirib ki, Arazbar kəndi rayon mərkəzindən xeyli uzaqdır və söz yox ki, sakinlər öz problemlərini bildirmək üçün hər dəfə bu uzaq yolu getməkdə çətinlik çəkirlər. Odur ki, problemin yerindəcə öyrənilməsi üçün səyyar qəbulların rolu böyükdür və bu gün də digər rəhbər şəxslərlə birgə bu görüşün təşkil olunmasında məqsəd əhalinin çətinliklərini öyrənib köməklik göstərilməsinə nail olmaqdır.
Sonra icra başçısı sakinləri dinləyib. Qəbul iştirakçıları Tanrıverdi İbrahimov, Ramiz Soltanov, Emin Mənsimov, Ləman Cəfərova və digərləri mövcud problem və çətinliklərini söyləyiblər. Müraciətlər içərisində kənddəki 9 illik məktəbin gələcəkdə 11 illik məktəb kimi fəaliyyət göstərməsi üçün koməklik göstərilməsi xahiş olunub, həmçinin məktəbin hazırkı fəaliyyəti üçün şəraitsizliyi - binasının kiçikliyi, otaq çatışmazlığı, soyuq aylarda istiliyin olmaması da diqqətə çatdırılıb. Müraciətlərdə həmçinin kənddə körpələr evi - uşaq bağçasına ehtiyac olması, subartezian quyusunun bərpası, yararsız elektrik xətlərinin yenilənməsi, yol və digər məsələlərlə bağlı yaranmış problemlər diqqətə çatdırılıb.
Hər bir sakin diqqətlə dinlənilib, bəzi məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunacağı bildirilib, bəzi çətinliklərin qısa zamanda həlli üçün tapşırıq və tövsiyələr verilib.