Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağcabədi şəhərində səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə keçirdiyi növbəti səyyar qəbul bu dəfə Ağcabədi şəhərində təşkil olunub. Şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində keçirilən qəbulda rayon rəhbəri əvvəlcə çıxış edərək bildirib ki, bir neçə il əvvəl də həmin ərazidə səyyar qəbul keçirilib və o zaman sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti artıq öz həllini tapıb.
Rayon rəhbəri məktəbin yaxınlığında yeni parkın salınmasının nəzərdə tutulduğunu, həmçinin ərazidə həyata keçiriləcək digər abadlıq işləri barədə sakinlərə ətraflı məlumat verib. Daha sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər əsasən küçələrə asfalt örtüyünün çəkilməsinə ehtiyac olduğunu, bəzi yollarda yaranmış çalaların gediş-gəlişə çətinlik yaratdığını, eləcə də bəzi küçələrdə işıq dirəklərinin quraşdırılmasının vacibliyini diqqətə çatdırıblar. Bundan əlavə, sahibsiz itlərlə bağlı narahatlıq da sakinlər tərəfindən səsləndirilib.
İcra başçısı qaldırılan hər bir məsələ ilə bağlı münasibət bildirərək, həlli mümkün olan məsələlərin aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bəzi küçələrdə qeyd olunan işlərin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac olduğunu bildirən rayon rəhbəri həmin işlərin növbəti illərdə mərhələli şəkildə icra olunacağını qeyd edib.






