Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağabəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
İyulun 23-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağabəyli kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbul iştirakçıları əvvəlcə görüşün keçirildiyi məktəbin həyətində Ağabəyli kəndindən olan Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Abidə önünə tər güllər düzülərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər. Çıxış edən rayon icra hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən danışıb, mövcud vəziyyəti dəyərləndirib, fermerlərə müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.
Daha sonra kənd sakinləri rayonda sosial-iqtisadi sahədə həyata keçirilən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını ifadə etməklə yanaşı, kəndin mövcud problemləri ilə bağlı müraciətlərini səsləndiriblər.
Müraciətlər əsasən içməli su və elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, əkin sahələrinin, xüsusilə pambıq sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması, körpələr evi-uşaq bağçasında içməli su təminatının və sanitar qovşağın yaradılması, kənddə əczaxananın fəaliyyətinin təşkili, eləcə də kənddaxili yolların təmiri ilə bağlı olmuşdur.
Qaldırılan məsələlərin bir qismi ilə bağlı aidiyyəti qurumlara yerində müvafiq tapşırıqlar verilmiş, digər müraciətlərin həlli istiqamətində isə zəruri tədbirlərin görülməsi və aidiyyəti dövlət qurumları qarşısında məsələlərin qaldırılması qərara alınmışdır.
Səyyar qəbul zamanı səsləndirilən bütün müraciətlər Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülüb və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.






