Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Təzəkənd kəndində səyyar qəbul-görüş keçirib
19 avqust 2026 | 18:20
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, əsasən əkin sahələrinin suvarılması, suvarma suyundan istifadə zamanı yaranan çətinliklər və digər məsələlər diqqətə çatdırılıb.
Sakinlər əkin sahələrinin suvarılması ilə bağlı qarşılaşdıqları problemləri, suvarma suyundan istifadəyə görə ödənişlərin həyata keçirilməsinə baxmayaraq, su təminatında çətinliklərin yarandığını bildiriblər.
Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən sakinlərə müvafiq izahatlar verilib, suvarma mövsümündə mövcud çətinliklərin aradan qaldırılması məqsədilə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı kəndin infrastrukturu və sanitar vəziyyəti ilə bağlı məsələlər də müzakirə olunub. Kənd ərazisindən keçən su kanalında antisanitariya vəziyyətinin yaranması və kanalın təmizlənməsinə ehtiyac olduğu bildirilib. Həmçinin kənddəki 10 kilovoltluq elektrik dirəklərinin qəzalı vəziyyətdə olması və təhlükə yaratması ilə bağlı müraciət səsləndirilib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və operativ şəkildə həlli məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.






